"Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Atletiko"ya (0:2) qarşı oyunla bağlı UEFA-ya şikayət ünvanlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Kataloniya klubu ikinci hissədə "Atletiko"nun müdafiəçisi Mark Pubilin əl oyunu epizoduna görə penalti təyin olunmamasından narazıdır. Bildirilir ki, futbolçu qapı meydançasında qapıçı Xuan Mussonun ötürdüyü topa əli ilə toxunub.
Kataloniya klubu hesab edir ki, bu qərar qaydalara zidd olub və oyunun gedişinə, eləcə də nəticəsinə birbaşa təsir göstərib. Bununla əlaqədar olaraq "Barselona"araşdırmanın başlanmasını, hakimlərin danışıqlarına çıxış verilməsini, lazım gəldiyi halda səhvin rəsmi şəkildə tanınmasını və müvafiq tədbirlərin görülməsini tələb edib.
Bəyanatda həmçinin qeyd olunur ki, son illərdə Çempionlar Liqasında bu tip mübahisəli hakim qərarları ilk dəfə deyil ki, komandaya ciddi zərər vurur və digər klublarla bərabər şərtlərdə mübarizə aparmağa mane olur.
Qeyd edək ki, cavab oyunu 14 aprel tarixində Madriddə keçiriləcək.
(publika)