Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə Futbol Federasiyası (TFF) Süper Liqada tətbiq olunan əcnəbi oyunçu qaydasını yenidən baxmağı hazırlaşır.
Moderator.az “Sabah”a istinadən xəbər verir ki, 2026-2027 mövsümündə 14 əcnəbi oyunçudan ən az 4-nün 1 yanvar 2004 və ya sonrasında doğulmuş gənc oyunçular olması tələb olunacaq.
Lakin yeni qaydada bu rəqəmin azaldılacağı və 14 əcnəbi oyunçudan yalnız 2-nin həmin yaş kateqoriyasına uyğun olması nəzərdə tutulur.
Qayda qüvvəyə minərsə, Süper Liqada əcnəbi oyunçu qaydası son 25 il ərzində 16-cı dəfə dəyişdirilmiş olacaq.
Türkiyə futbolunda əcnəbi oyunçu limiti tarix boyunca bir neçə dəfə dəyişdirilib. İlk dəfə 1971-1972-ci illərdə tətbiq olunan limit 1977-1978-ci illərdə 2, 1989-1990-ci illərdə isə 3 əcnəbi oyunçu ilə məhdudlaşdırılıb. 1996-1997-ci ildə 3+1 modeli tətbiq olunub, 1998-1999-cu ildə isə limit 5 əcnəbi oyunçuya yüksəldilib. 2000-ci illərdə 5+1, 5+1+2 və 6 əcnəbi kimi fərqli modellər tətbiq edilib. 2015-2016-cı illərdə 28-liqdə 14 yerli və 14 əcnəbi oyunçuya icazə verilib, 2017-2018-ci ildə isə sahədə 11 əcnəbi futbolçuya oynamaq imkanı yaradılıb. 2020-2021-ci ilin ikinci yarısında əcnəbi sayı 16-ya çıxarılıb, 2021-2022-ci ildə isə ilk 11-də 8 əcnəbi futbolçu oynaya bilib.