İtaliya millisində növbəti istefa gerçəkləşib.
Moderator.az xəbər verir ki, Canluici Buffon yığmanın nümayəndə heyətinin rəhbəri vəzifəsindən ayrıldığını açıqlayıb.
Sabiq qapıçı sosial şəbəkə hesabında yaydığı bəyanatda bildirib ki, bu qərarı Bosniya və Herseqovina millisinə qarşı məğlubiyyətdən dərhal sonra vermək niyyətində olub:
"İtaliyanın səfərdəki məğlubiyyətindən sonra istefa vermək istəyirdim. Lakin məndən qərarımı yenidən nəzərdən keçirməyim istəndi. Qabriele Qravinanın prezident vəzifəsindən istefasından sonra düzgün hesab etdiyim addımı atmaqda sərbəst oldum".
O qeyd edib ki, komandanın əsas məqsədi İtaliya milli komandası ilə dünya çempionatına vəsiqə qazanmaq olub, lakin bu hədəfə çata bilməyib:
"Hesab edirəm ki, yeni rəhbərliyin növbəti komandanı formalaşdırmaqda sərbəst olması daha doğrudur".
Xatırladaq ki, İtaliya milli komandası dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda pley-offda Bosniya və Herseqovina seçməsi ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşsa da, penaltilər seriyasında rəqib daha dəqiq olaraq qələbə qazanıb.
Beləliklə, İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsindən kənarda qalıb. Komanda sonuncu dəfə 2014-cü ildə mundialda iştirak edib.
İtaliya yığması tarixində 4 dəfə - 1934, 1938, 1982 və 2006-cı illərdə dünya çempionu olub.
Qeyd edək ki, Buffon 2023-cü ildən etibarən milli komandanın nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışırdı.