İraq milli komandasının 2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanması ölkədə böyük coşquya səbəb olub və bu tarixi uğur münasibətilə ikigünlük tətil elan edilib.
Moderator.az xəbər verir ki, bu barədə İraq İnformasiya Agentliyi (INA) tərəfindən məlumat yayılıb.
Bildirilib ki, İraq hökuməti qazanılan bu möhtəşəm nailiyyətini qeyd etmək məqsədilə 1 və 2 aprel tarixlərində rəsmi olaraq qeyri-iş günü təyin edib. Sözügedən tətil sərəncamına isə ölkənin Baş naziri Məhəmməd əs-Sudani şəxsən imza atıb.
Qeyd edək ki, İraq yığması öz tarixində cəmi ikinci dəfədir ki, bu mötəbər mundialda iştirak etmək hüququ əldə edib. Komanda bundan əvvəl yalnız 1986-cı ildə turnirə qatılmağı bacarıb və həmin vaxt qrup mərhələsini sonuncu pillədə başa vurub.
Xatırladaq ki, püşkatmanın nəticələrinə əsasən, I qrupunda qərarlaşan İraq milli komandası növbəti mərhələlər uğrunda Fransa, Seneqal və Norveç kimi güclü yığmalarla gərgin mübarizə aparacaq.