FIFA prezidenti Canni İnfantino Türkiyənin Antalya şəhərində İran milli komandasının üzvləri ilə görüşüb.
Moderator.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bu barədə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
Kosta-Rika ilə yoldaşlıq oyunu öncəsi baş tutan görüşdə İnfantino həm futbolçularla, həm də İran Futbol Federasiyasının rəsmiləri və baş məşqçi Əmir Qalenoi ilə bir araya gəlib.
İnfantino İran millisini DÇ-2026-ya vəsiqə qazanması münasibətilə bir daha təbrik edib:
“Mən İran millisini DÇ-2026-ya vəsiqə qazanması və İranda, eləcə də bütün dünyada milyonlarla insanı qürurlandırdığı üçün bir daha təbrik etdim. Bir milləti təmsil etmək böyük məsuliyyətdir və mən futbolçuları azarkeşlərini ruhlandırmağa, qlobal miqyasda insanlara xəyal qurmağa davam etməyə çağırdım”.
FIFA prezidenti vurğulayıb ki, futbol hətta ən çətin şəraitdə belə birlik və ümid gətirir. O, FIFA-nın İran komandasına Dünya Çempionatına hazırlıq mərhələsində ən yaxşı şəraitin yaradılması üçün dəstəyini davam etdirəcəyini qeyd edib.
Qeyd edək ki, İran sözügedən matçda Kosta-Rikanı 5:0 darmadağın edib.
Xatırladaq ki, bir qədər əvvəl İranın turnirdə iştirakı ilə bağlı ziddiyyətli məlumatlar yayılmışdı. Belə ki, İranın DÇ-2026-da iştirak etməyəcəyi barədə iddialar səslənsə də, Asiya Futbol Konfederasiyasının (AFC) baş katibi Con Vindzor millinin dünya çempionatında iştirakını rəsmən təsdiqləmişdi.