Türkiyənin "Qalatasaray" klubu transfer bazarında səs-küy yaradacaq addıma hazırlaşır. İstanbul nəhənginin İngiltərənin "Mançester Siti" klubundan portuqaliyalı ulduz Bernardo Silvanı heyətinə qatmağı planlaşdırır.
Moderator.az xəbər verir ki, Superliqa təmsilçisi cari mövsümün sonunda müqavilə müddəti başa çatacaq 31 yaşlı yarımmüdafiəçinin transferi üçün artıq danışıqlara başlayıb.
Təcrübəli futbolçunun özünün də mövsüm bitdikdən sonra komandadan getmək niyyətində olduğu bildirilir. Hazırda bazar dəyəri 27 milyon avroya bərabər olan Silva müqaviləsi yekunlaşacaq futbolçular siyahısında ən bahalı və diqqətçəkən adlardan biridir.
Yayılan iddialara əsasən, portuqaliyalı ulduza yalnız Türkiyədən deyil, Avropanın bir sıra aparıcı klublarından, həmçinin Səudiyyə Ərəbistanı və MLS komandalarından da ciddi maraq var.
Xatırladaq ki, Bernardo Silva 2017-ci ildə 50 milyon avro qarşılığında "Monako"dan "Mançester Siti"yə keçmişdi. İngiltərə təmsilçisində çıxış etdiyi doqquz mövsüm ərzində altı dəfə Premyer Liqa çempionu olan və UEFA Çempionlar Liqasının kubokunu başı üzərinə qaldıran futbolçu, 449 matçda iştirak edərək klub tarixində ən çox meydana çıxan oyunçulardan birinə çevrilib.
