"FIFA Series-2026" turniri çərçivəsində keçirilən Azərbaycan - Syerra Leone final matçından sonra xoşagəlməz insident yaşanıb.
Moderator.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşmadan sonra qonaq komandanın baş məşqçisi Mohammed Kallon mətbuat konfransına qatılmaqdan imtina edib.
Məlumata görə, əvvəlcə jurnalistlərin qarşısına köməkçi məşqçilərdən biri çıxmaq istəsə də, bu addım mətbuat nümayəndələrinin sərt etirazı ilə qarşılanıb. Belə ki, martın 29-da keçirilən oyunöncəsi mətbuat konfransında da iştirak etməyən Kallonun bu davranışı peşəkar jurnalistlər tərəfindən hörmətsizlik kimi qiymətləndirilib. Syerra Leone Futbol Federasiyasının rəsmiləri baş məşqçinin bu qərarının səbəbini açıqlamaqda çətinlik çəkiblər.
Xatırladaq ki, gərgin keçən final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 9:8 hesabı ilə qələbə qazanan Azərbaycan millisi turnirin qalibi olub.