Mərakeş millisinin kapitanı Əşrəf Hakimi Afrika Millətlər Kubokundan sonra komandaya verilən kubokdan imtina edib.
Moderator.az xəbər verir ki, bu barədə "GhanaSoccernet" məlumat yayıb.
Martın 17-də Afrika Futbol Konfederasiyası (CAF) Seneqala 0:3 hesablı texniki məğlubiyyət verib və Mərakeş turnirin qalibi elan olunub.
"Anam mənə dedi ki, kubokdan imtina edim. Rəsmi olaraq kubokdan imtina edirəm və ümid edirəm ki, komanda yoldaşlarım da eyni şeyi edəcəklər. Qalib gəlmək şansımız var idi, amma bunu əldən verdik", - deyə Hakimi bildirib.
PSJ-nin futbolçusunun sözlərinə görə, Seneqal Mərakeşi ədalətli şəkildə udub və rəqib qələbəyə layiqdir:
"Bu, futboldur - bəzən qalib gəlirsən, bəzən uduzursan. Çəkdikləri bütün zəhmətdən sonra onların sevincini pozmaq ədalətsizlik olardı. CAF-ın qərarına hörmətlə yanaşıram, amma rəsmi olaraq kubokdan imtina edirəm. 2025-ci il Afrika Millətlər Kubokunu qazanmadım. Bir daha Seneqalı təbrik edirəm".
Qeyd edək ki, Afrika Millətlər Kubokunun final görüşü yanvarın 18-də Rabatda keçirilib. Matçın əlavə vaxtında Seneqal yığmasının vurduğu qol video icmaldan (VAR) sonra ləğv edilib. Həmin epizodun ardınca Seneqalın qapısına penalti təyin olunub və baş məşqçi Pap Tiave etiraz əlaməti olaraq komandasını meydandan çıxarıb. On beş dəqiqəlik fasilədən sonra seneqallılar yaşıl meydançaya geri dönüb və qapıçı Eduard Mendi Brahim Diasın vurduğu penalti zərbəsini dəf edib. Görüşün əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda isə Pape Guyenin vurduğu yeganə qolla Seneqal qələbə qazanıb.