"Neftçi" və Rusiyanın "Dinamo" (Moskva) klubunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəvi hücumçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək.
Moderator.az xəbər verir ki, 2015-ci il və daha kiçik təvəllüdlü futbolçular arasında təşkil olunacaq turnir martın 19-dan 21-dək "Palms Sports" Futbol Mərkəzində baş tutacaq.
Turnirin B qrupunda "Neftçi" "Dinamo (Voronej, Rusiya), "Göztepe" (Türkiyə) və "Qarabağ" ilə mübarizə aparacaq. A qrupunda isə "Dinamo" (Moskva), "Beşiktaş" (Türkiyə), "Kayrat" (Qazaxıstan) və "Ulduz" komandaları yer alıblar.
Oyun təqviminə əsasən, "Neftçi" martın 19-da "Dinamo" (Voronej) və "Qarabağ", martın 20-də isə "Göztepe" ilə qarşılaşacaq.
Reqlamentə uyğun olaraq, martın 20-də A qrupunun qalibi B qrupunun ikincisi ilə, B qrupunun qalibi isə A qrupunun ikincisi ilə üz-üzə gələcək. Qruplarda 3-cü və 4-cü yeri tutan komandalar da eyni prinsip əsasında oyunlar keçirəcəklər.
Turnirin son günü – martın 21-də 7-ci, 5-ci və 3-cü yerlər uğrunda oyunlar, eləcə də final görüşü keçiriləcək. Həlledici matçdan sonra mükafatlandırma mərasimi təşkil olunacaq.
Qeyd edək ki, "Bakı Kuboku" beynəlxalq turnirinin bütün oyunları "Neftçi" TV vasitəsilə canlı yayımlanacaq.