Laporta: “Qapılarımız həmişə Messinin üzünə açıqdır”
İdman
138
16 Mar 2026 | 23:08

Laporta: “Qapılarımız həmişə Messinin üzünə açıqdır”

“Barselona” prezidenti Joan Laporta klub rəhbərliyinə seçkilərdə qələbə qazanıb.

Moderator.az xəbər verir ki, martın 15-də keçirilən səsvermədə Laporta 68,18% səs toplayaraq rəqibi Viktor Fontu geridə qoyub.

Qələbədən dərhal sonra “TV3” telekanalına müsahibə verən prezident klubun əfsanəsi Lionel Messinin geri qayıtma ehtimalına yaşıl işıq yandırıb.

Laporta müraciətində Messi üçün qapıların hər zaman açıq olduğunu vurğulayıb:

“Leo “Barselona” ilə istədiyi formatda əməkdaşlıq edəcək. Qapılarımız həmişə onun üzünə açıqdır. O, istənilən vaxt geri qayıdıb bu qurumu gücləndirməyə və ona böyüklük qazandırmağa davam edə bilər. Ulduz futbolçu tam bərpa olunmuş “Spotify Camp Nou” stadionunda möhtəşəm bir vida matçına və heykələ layiqdir”.

Xatırladaq ki, Lionel Messi 2021-ci ildə maliyyə problemləri səbəbindən klubu tərk etməli olmuşdu. Hazırda ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən 38 yaşlı hücumçunun müqaviləsi 2028-ci ilin sonuna qədərdir.

Link kopyalandı!
Son xəbərlər