Bizi sosial şəbəkələrdən izləyin:
UEFA İspaniya və Argentina milli komandaları arasında keçirilməsi planlaşdırılan "Finalissima" matçının ləğv olunduğunu açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Görüş martın 27-də Qətərdə keçirilməli idi. Lakin Yaxın Şərqdəki gərgin vəziyyət səbəbindən oyunun planlaşdırılan məkanda təşkili mümkün olmayıb.
UEFA matçın ya İspaniyanın paytaxtı Madriddə keçirilməsini, ya da kubokun iki oyunun nəticəsinə əsasən müəyyənləşdirilməsini təklif etsə də, Argentina Futbol Assosiasiyası bu variantlarla razılaşmayıb.
UEFA bəyanatında qeyd edib ki, təşkilatçılar oyunun Qətərdə keçirilməsinin mümkün olmamasından məyusdur və matçın hazırlanması üçün görülən işlərə görə Qətərin təşkilat komitəsinə və ölkə hakimiyyətinə təşəkkür edib. Həmçinin regionda tezliklə sülhün bərpa olunacağına ümid ifadə olunub.
Qeyd edək ki, "Finalissima" Avropa çempionatının qalibi ilə Amerika Kubokunun qalibi arasında keçirilən oyundur. Argentina millisi 2024-cü ildə Amerika Kubokunun finalında Kolumbiyanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. İspaniya isə 2024-cü il Avropa çempionatının finalında İngiltərəni 2:1 hesabı ilə məğlub edərək çempion adını qazanıb.