İdman
472
15:59, Bu gün

"Qarabağ"ı 7 futbolçunun tərk edəcəyi dəqiqləşdi - ADLAR

Bu mövsüm Azərbaycanı UEFA Çempionlar Liqasında uğurla təmsil edən, qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə qədər irəliləyən "Qarabağ"ın hansı futbolçularla vidalaşacağı bəllidir.
 
Komandanın baş məşqçisi Qurban Qurbanov səviyyənin yüksəldilməsində israrlıdır və bu səbəbdən cari mövsümün sonunda heyətdə köklü dəyişikliklər etməyi planlaşdırır.
 
Uğursuz "Neftçi" macərasının ardından Ağdam təmsilçisinə qaytarılan, lakin komandaya fayda verməyən hücumçu Ramil Şeydayevlə müqavilə yenilənməyəcək. 53 yaşlı mütəxəssis Zaqreb "Dinamo"sundan yayadək icarəyə götürülən mərkəz müdafiəçisi Sami Mmayenin və dayaq yarımmüdafiəçisi Kris Kuakunun da komandada qalmasını vacib saymır. Azərbaycan çempionu 29 yaşlı mərakeşlinin transfer hüquqlarına yiyələnməyə can atmayacaqsa, arzulanan performansla yadda qalmayan Kuakunun da yayda icarəyə veriləcəyi və ya satılacağı gözlənilir.
 
Xorvatiya əsilli almaniyalı qapıçı Fabian Buntiçin də yeni "futbol ili"nə "Qarabağ"da başlamaq ehtimalı çox azdır. Monteneqrolu yarımmüdafiəçi Marko Yankoviç isə mövsümün sonunda onu istəyən klubların "Qarabağ"a rəsmi təklif göndərməsini gözləyir. Son vaxtlar əvvəlki qədər həvəsli görünməyən, fikrinin başqa yerdə olduğu sezilən "8 nömrə"nin oyunlara arzulanan səviyyədə köklənə bilməməsi faktdır.
 
Bundan başqa, qanalı vinger Emmanuel Addainin və ukraynalı yarımmüdafiəçi Aleksey Kaşukun da yeni mövsümə "Qarabağ"da başlamayacağı dəqiqləşib. Addai Avropaya, Kaşuk böyük ehtimalla, Səudiyyə Ərəbistanı təmsilçilərindən birinə üz tutacaq.
 
Yuxarıda adları çəkilənlərin durumu bəllidirsə, taleyi qeyri-müəyyən olanlar da var. Məsələn, bu yay karyerasını bitirəcəyi güman edilən mərkəz müdafiəçisi Bədavi Hüseynovun daha bir mövsüm komandada qalmaq ehtimalı artıb. Bir müddət öncə Çinə yollanmağa yaxın olan stopper Bəhlul Mustafazadə yenə legioner həyatı yaşamaqda maraqlıdır. Lakin hazırda əməliyyatdan sonra bərpa prosesi keçən milli üzvünə daha bir real təklif gəlib-gəlməyəcəyi bilinmir. Eyni sözləri polşalı qapıçı Mateuş Koxalski barədə də demək olar. Özünün də etiraf etdiyi kimi, ölkəsinin bir müddət öncə "Vidzev" klubuna keçməyə can atan "çərçivə" qoruyucusunun aqibətinin necə olacağı mövsümün sonunda bilinəcək. Kabo-Verde yığmasının üzvü Leando Andradenin də bir neçə real təklif alması hər kəsə bəllidir. /Fanat.az/
Link kopyalandı!
Son xəbərlər