Bizi sosial şəbəkələrdən izləyin:
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXII turunun oyunları ilə bağlı qərarlarını açıqlayıb.
Moderator.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ" - "Sabah" oyununda Ağdam komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə klub 8000 manat cərimə edilib, həmçinin komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub əlavə 700 manat cərimə olunub.
"Şamaxı" - "Neftçi" oyununun 90+4-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alan "ağ-qaralar"ın məşqçisi Dmitro Kara-Mustafa 2 oyunluq cəzalandırılıb, klub isə 5000 manat cərimə edilib. Bundan əlavə, "Neftçi" azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər klub tərəfindən qarşılanacaq, həmçinin 5 futbolçusu sarı vərəqə alan paytaxt təmsilçisi daha 700 manat cərimə ödəyəcək.
"Kəpəz" - "Sumqayıt" oyununda "Kəpəz" azarkeşlərinin rəqib ünvanına təhqiramiz ifadələr səsləndirməsi bu mövsüm 5-ci dəfə təkrarlandığı üçün Gəncə klubu 8000 manat cərimə edilib. Eyni səbəbdən (3-cü hal) "Sumqayıt" klubu 7000 manat məbləğində cərimə olunub. Həmçinin, oyunun 62-ci dəqiqəsində ikinci sarı vərəqədən qırmızı alan "Sumqayıt"ın futbolçusu Nikola Ninkoviç 1 oyunluq diskvalifikasiya edilib, klub isə 500 manat cərimələnib.
"Turan Tovuz" - "İmişli" oyununda isə Tovuz təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.