Bizi sosial şəbəkələrdən izləyin:
Pep Qvardiola səfərdə "Lids Yunayted"lə oyunda yaşanan insidentlə bağlı diqqətçəkən açıqlama verib.
Moderator.az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, Premyer Liqanın 28-ci turunda "Mançester Siti" rəqibini 1:0 hesabı ilə məğlub edib.
Qarşılaşmanın 13-cü dəqiqəsində Ramazan ayı münasibətilə oruc tutan futbolçuların iftar edə bilməsi üçün oyun qısa müddətə dayandırılıb.
Bu zaman meydan sahiblərinin azarkeşləri tərəfindən fit və narazılıq səsləri eşidilib.
Matçdan sonra keçirilən mətbuat konfransında danışan Qvardiola etirazlara sərt reaksiya verib:
"Biz müasir dünyada yaşayırıq. Bu gün dünyada baş verənlərə baxın. Dinlərə və müxtəlifliyə hörmət göstərmək lazımdır", - deyə təcrübəli mütəxəssis bildirib.
O vurğulayıb ki, fasilə komandasının təşəbbüsü olmayıb: "Bu, Premyer Liqanın qaydasıdır. Oruc tutan oyunçular üçün bir və ya iki dəqiqəlik fasilə verilə biləcəyi açıq şəkildə göstərilib".
Qeyd edək ki, Premyer Liqa rəhbərliyi 2021-ci ildən etibarən Ramazan ayı ərzində müsəlman futbolçuların iftar edə bilməsi üçün matçlarda qısa fasiləyə icazə verir.