Bizi çətin sınaqlar gözləyir - Qurban Qurbanov
İdman
427
01 Mar 2026 | 23:01

Bizi çətin sınaqlar gözləyir - Qurban Qurbanov

“Sabah”ın gücünü bu gün daha yaxşı bildik.

Moderator.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXII turunda “Sabah”la 3:3 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qarşılaşmanı yüksək qiymətləndirərək meydandakı atmosferdən razılığını ifadə edib: “Stadiondakı ab-hava və nümayiş olunan futbol azarkeşlərin gözləntilərini tam doğrultdu. Hər iki komandaya və fanatlara bu maraqlı mübarizə üçün minnətdaram. Futbol elə bir nöqtəyə gəlib ki, meydanda hər an gözlənilməz hadisələr baş verə bilər. Bu gün də bunun şahidi olduq. Hazırda məni ən çox düşündürən məqam sıx oyun qrafiki və futbolçuların fiziki bərpasıdır. 'Nyukasl'la ağır oyundan sonra belə bir gərgin matça çıxdıq, bir neçə gündən sonra isə bizi həm kubok, həm də çempionatda çətin sınaqlar gözləyir”.

Qurban Qurbanov çempionluq mübarizəsinə də toxunub: “Paltardəyişmə otağında fərqli emosiyalar var idi. Şəxsən mən futbolçularımın göstərdiyi xarakterdən razı qaldım. Çempionluğa gəlincə, bizdə heç vaxt “mütləq qalib gəlməliyik” deyə bir təzyiq olmayıb. Futbolda hər il zirvədə olmaq kimi bir qayda yoxdur. Rəqiblərimiz, xüsusən də “Sabah” kimi illərdir özünü inkişaf etdirən güclü komandalar var. Bu gün onların real gücünü bir daha gördük. Əgər sonunda hədəfimizə çatmaq istəyiriksə, performansımızı daha da artırmalıyıq”.

Qeyd edək ki, turnir cədvəlinə 53 xalla "Sabah" başçılıq edir. "Qarabağ" isə 46 xalla ikinci pillədə qərarlaşıb.

Link kopyalandı!
Son xəbərlər