Türkiyə Superliqasında çıxış edən iki peşəkar futbolçunun idman yarışlarına pul qoyuluşu etdikləri səbəbi ilə ciddi həbs cəzası alması gündəmdədir.
Moderator.az "Sabah" nəşrinə istinadla xəbər verir ki, istintaqın hədəfində olan adlar "Fənərbağça"nın kapitanı Mert Hakan Candaş və "Qalatasaray"ın üzvü Metehan Baltacıdır.
İddianaməyə əsasən, "Fənərbağça"nın futbolçusu üçün 17 ilə qədər, "Qalatasaray"ın oyunçusu üçün isə 13 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb olunur.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Baltacı 2021-ci ilin martında baş tutan "Qalatasaray" - "Rizespor" və aprel ayındakı "Qalatasaray" - "Göztəpə" qarşılaşmalarına mərc edib. O, sözügedən görüşlərdə start heyətində yer almasa da, ehtiyat oyunçular sırasında olub.
Xatırladaq ki, ötən il Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu oyunlara mərc etdikləri aşkarlanan 149 hakimin futbol fəaliyyətindən kənarlaşdırıldığını bəyan etmişdi. Sonrakı mərhələdə isə 1 024 futbolçunun da analoji əməldə şübhəli bilindiyi üzə çıxmışdı.
