"Santos" klubunun ulduz hücumçusu Neymar Braziliya çempionatının dördüncü turu çərçivəsində baş tutan və komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada "Vasko da Qama"nın yarımmüdafiəçisi Tiaqo Mendeslə yaşadığı gərginlik barədə açıqlama verib.
Moderator.az-ın "Liberta Depte" nəşrinə istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu rəqib oyunçu haqqında fikirlərini bölüşüb.
"O, hər zaman gərginlik yaratmağa cəhd edir. Vaxtilə, PSJ-də çıxış edərkən məni zədələmişdi və bu gün də eyni hərəkəti təkrarlayacağına söz vermişdi. Görək, məni yenidən sıradan çıxarmağa cəsarəti çatarmı?" - deyə Neymar bildirib.
Qeyd edək ki, "Vasko da Qama" ilə keçirilən görüşdə Neymar rəqib qapısından iki top keçirərək dubl müəllifi olub.
Xatırladaq ki, Neymar 2025-ci ildən etibarən "Santos"un şərəfini qoruyur. Təcrübəli forvardın hazırkı klubu ilə müqavilə müddəti 2026-cı ilin dekabr ayına qədər nəzərdə tutulub.