Avropa ölkələrinin futbol üzrə ölkə çempionatlarında qapısını ən uzun müddət toxunulmaz saxlayan qolkiperlərin reytinq cədvəli yenilənib.
Moderator.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadla xəbər verir ki, bu göstərici üzrə mütləq rekord Belçikanın "Brügge" klubunun sabiq qapıçısı Dani Verlindenə aiddir. O, 1390 dəqiqə qapısını toxunulmaz saxlaya bilib.
Siyahının ikinci pilləsində Niderland yığmasının keçmiş qapıçısı Edvin van der Sar qərarlaşıb. Tanınmış "əlcək sahibi" İngiltərə Premyer Liqasında "Mançester Yunayted"in şərəfini qoruyarkən çərçivəni 1311 dəqiqə toxunulmaz saxlamağa nail olub.
Reytinqin ilk üçlüyünü Lüksemburqun "Differdanj" klubunun keçmiş braziliyalı qolkiperi Felipe tamamlayıb. O, sözügedən komandanın heyətində çıxış edərkən 1291 dəqiqə qapısında qol görməyib.