Almaniya prezidenti 2036-cı il Olimpiadasına qarşı çıxıb
İdman
167
17:20, Bu gün

Almaniya prezidenti 2036-cı il Olimpiadasına qarşı çıxıb

Almaniya dövlət başçısı Frank-Valter Ştaynmayer 2036-cı il Yay Olimpiya Oyunlarına ölkəsinin ev sahibliyi etməsi ideyasını məqsədəuyğun hesab etməyib.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Der Spiegel" nəşri yayıb.

Ştaynmayer İtaliyada baş tutan Qış Olimpiya Oyunlarının açılış mərasimində Almaniyanın rəsmi nümayəndə heyətinə rəhbərlik edib. O, olimpiadanın yenidən Almaniyada təşkil olunmasının tərəfdarıdır, lakin bunun 2036-cı ildə baş verməsini istəmir. Federal Prezident Kansleri Aparatının nümayəndəsi nəşrə açıqlamasında bildirib:

"Prezident 2036-cı ili Almaniyanın namizədliyi baxımından tarixi səbəblərə görə problemli sayır. Dövlət başçısı olimpiadanın 2040 və ya 2044-cü ildə Almaniyada təşkil edilməsinə ümid bəsləyir".

Jurnalın vurğuladığı kimi, Almaniyanın gələcək namizədliyi ətrafındakı müzakirələr nasist Almaniyasının 1936-cı il Olimpiadasına ev sahibliyi etməsi faktı ilə əlaqəlidir. Adolf Hitler rejiminin həmin tədbiri təbliğat məqsədilə istifadə etməsi müasir alman siyasətçilərini hadisədən düz bir əsr sonra yeni oyunlara ev sahibliyi etmək fikrinə tənqidi yanaşmağa vadar edib.

Berlin, Hamburq, Münhen və Reyn-Rur regionu daha öncə olimpiadaya ev sahibliyi etmək marağında olduqlarını bəyan etmişdilər. Almaniya Olimpiya İdman Konfederasiyasının cari ilin oktyabrına qədər vahid namizəd müəyyənləşdirməsi gözlənilir. Bununla belə, Almaniya hökuməti 2025-ci ildə bəyan edib ki, oyunların 2040-cı ildə keçirilməsini dəstəkləyir. Qeyd edək ki, 1936-cı ildən başqa, Almaniya Yay Olimpiya Oyunlarına yalnız bir dəfə - 1972-ci ildə Münhendə ev sahibliyi edib.

Link kopyalandı!
Son xəbərlər