"Yuventus" futbol klubunun direktorları Corco Kyellini və Damyen Komolli İtaliya A Seriyasının 25-ci turunda baş tutan "İnter"lə qarşılaşmadakı (2:3) davranışlarına görə cəzalandırılıblar.
Moderator.az "Championat"a istinadən xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsionun saytı idman məhkəməsinin mətbuat açıqlamasına əsaslanaraq məlumat yayıb.
Damyen Komollinin martın 31-nə qədər diskvalifikasiya edilməsi və 15 000 avro məbləğində cərimələnməsi barədə qərar qəbul edilib. Səbəb kimi funksionerin "matçın hakiminə qarşı hədələyici və aqressiv davranması, fiziki təmasa can atması, həmçinin referinin ünvanına ciddi təhqiramiz ifadələr işlətməsi və oxşar davranışı hakimlər otağının qarşısında da təkrarlaması" göstərilib.
Corco Kyellini isə fevralın 27-dək diskvalifikasiya olunub. O, "oyunun hakiminə qarşı etirazını coşqun və hörmətsiz tərzdə bildirdiyinə, bənzər hərəkətləri hakimlər otağının qarşısında təkrarladığına, eləcə də matçın rəsmi şəxslərinin ünvanına təhqiramiz tənqidlərə yol verdiyinə görə" cəzalandırılıb.
Xatırladaq ki, birinci hissənin sonunda baş hakimin "Yuventus"un müdafiəçisi Pyer Kalyulunu meydandan qovması Turin klubunun məşqçilər korpusunun qəzəbinə səbəb olub.