Bizi sosial şəbəkələrdən izləyin:
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Nyukasl Yunayted"lə qarşılaşmasında ədaləti qoruyacaq norveçli hakim Espen Eskos Azərbaycan azarkeşlərinə tanış biridir.
Moderator.az xəbər verir ki, 37 yaşlı FIFA referisi hələ DÇ-2022-nin seçmə mərhələsində yığmamızın oyununda iş başında olub. O, Azərbaycan-İrlandiya görüşünün baş hakimi funksiyasını yerinə yetirib.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda (BOS) baş tutan həmin qarşılaşma millimiz üçün uğursuzluqla nəticələnmiş, İrlandiya yığması 3:0 hesablı qələbə qazanmışdı.
Maraqlıdır ki, norveçli ədalət təmsilçisi 2018-ci ildə də Bakıya səfər edib. O, UEFA Millətlər Liqası çərçivəsində millimizin BOS-da Kosovo ilə keçirdiyi və qolsuz bərabərliklə bitən görüşdə köməkçi hakim kimi fəaliyyət göstərib. Diqqətçəkən məqam odur ki, həmin vaxt Azərbaycan millisinin sükanı arxasında məhz hazırda "Qarabağ"ı çalışdıran Qurban Qurbanov dayanırdı.
Məlumat üçün bildirək ki, böyük maraqla gözlənilən "Qarabağ" - "Nyukasl Yunayted" qarşılaşması fevralın 18-də baş tutacaq. UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsindəki oyun Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.