Bizi sosial şəbəkələrdən izləyin:
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl Yunayted" Bakı səfərinə heyətində ciddi itkilərlə yollanacaq.
Moderator.az xəbər verir ki, İngiltərə Premyer Liqasının son turunda zədələnən komandanın kapitanı Bruno Gimarayeşin təxminən iki ay meydanlardan kənar qalacağı təsdiqlənib.
Bundan əlavə, müdafiə xəttində yer alan Tino Livramento və Emil Kraft, eləcə də yarımmüdafiəçi Lyuis Mayli Azərbaycan çempionuna qarşı oyunlarda iştirak edə bilməyəcəklər. Hazırda Kraft və Mayli bərpa prosesi keçirlər, Livramentonun isə mart ayından tez sıraya dönməsi gözlənilmir.
İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Hau bu itkilərin fonunda braziliyalı yarımmüdafiəçi Joelintonun məşqlərə qayıtmasını xüsusi qeyd edib:
"Joelinton yanvar ayında qasıq nahiyəsindən xəsarət almışdı. Hazırda vəziyyəti yaxşıdır və yenidən formaya düşmək üçün səylə çalışır. Bu, bizim üçün sevindirici haldır. Joelinton özünü gümrah hiss edir və əhvali-ruhiyyəsi yüksəkdir".
Xatırladaq ki, fevralın 18-də UEFA Çempionlar Liqasının play-off mərhələsində "Qarabağ" Bakıda "Nyukasl Yunayted"ə qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.