Batumidə GFC üzrə ("Georgian Fighting Championship") və "Grand Bellagio Championship" turniri keçirilib.
Moderator.az xəbər verir ki, bu çempionatda iki azərbaycanlı idmançı mübarizə aparıb.
Gecənin ən maraqlı görüşü Gürcüstanda yaşayan, Azərbaycanı və Gürcüstanı beynəlxalq arenalarda uğurla təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, professor ləqəbli Alim Nəbiyev ilə braziliyalı Jaime Souza arasında olub. Bu görüş iştirakçılara həyəcanlı anlar yaşadıb. Üç raund davam edən və son dərəcə gərgin mübarizə şəraitində keçən döyüşdə Alim Nəbiyev tam üstünlük nümayiş etdirərək qalib gəlib. Hakimlərin yekdil qərarı ilə azərbaycanlı idmançı qarşılaşmanın qalibi elan olunub.
Qeyd edək ki, bu, Alim Nəbiyevin MMA-da ardıcıl olaraq qazandığı üçüncü qələbəsi olub.
Gecənin daha bir azərbaycanlı qalibi Elvin Kamilli olub. Gürcü idmançı Sandro Datanaşvili ilə üz-üzə gələn Elvin Kamilli elə birinci raundda qalib gəlib.
Xatırladaq ki, turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Slovakiya, İsrail, Braziliyadan idmançılar mübarizə aparıblar.
Turniri izləmək üçün Azərbaycandan tanınmış idmançılar, məşqçilər, eləcə də Azərbaycanın Gürcüstandakı səfirliyinin və Batumidəki Baş konsulluğunun nümayəndələri, icma təmsilçiləri Batumi şəhərinə gəliblər.
Batumidə keçirilən bu döyüş gecəsi regionda döyüş idmanlarına marağın artması və beynəlxalq idman əlaqələrinin genişlənməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirilib.
(Azərtac)