Qurban Qurbanovdan sərt açıqlamalar - “Nyukasl”la matça hazır ola bilməyəcəyik”
İdman
473
17:39, Bu gün

Qurban Qurbanovdan sərt açıqlamalar - “Nyukasl”la matça hazır ola bilməyəcəyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İmişli”yə 1:0 hesab ilə qalib gəldikləri matçdan sonra meydançanın durumundan narazılığını bildirb.

Moderator.az xəbər verir ki, o, Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyündə futbol oynamağa necə icazə verildiyini anlamadığını bildirib:

“Meydança yox kimi idi. Sanki xokkey meydançası idi. Bu sürüşür, o sürüşür, ötürmə verə bilmirlər. Belə meydançada necə futbol oynamağa icazə verirlər? Bir-iki gün əvvəl İspaniya çempionatında iki oyunu meydançanın durumuna görə təxirə saldılar. Belə ot örtüyündə oynamağa icazə verilməsi…Mən çox danışmaq istəmirəm. İrad bildirəndə deyirlər ki, ancaq “Qarabağ tərəfi nə isə danışır. Ona görə çox da danışmaq istəmirəm. Amma bu meydançanın durumunu görməyə nə Qurban lazımdır, nə də başqası. Bu cür olmaz da...

Dərindən düşünsək, hər bir şeydə çıxış yolu olmaz. Nə meydança var, nə temp var, zədədən qorxursan, heç nə də yəni…Mən bu oyunla “Nyukasl”la matça necə hazırlaşacağam? Gəl indi 3-4 gün futbolçulara bərpa məşqi ver. İkiqat yükləndilər oyunçular. Həddindən çox müzakirə olunası mövzudur. Bütün komandalar burdan şikayət edir. Buna nə isə etmək olmaz? Oturub gözləyirik ki, futbolçular nə zaman zədədən qurtaracaqlar? Biri orada ayağın tutur yıxılır, biri burada. Futboldan başqa nə desən, var idi”.

Q. Qurbanov protokolda adı olmayan Mateuş Koxalskidən və oyunda zədələnən Leandro Andradedən də danışıb:

“Koxalskinin mikrozədəsi var idi. Ona görə heyətə salmadım. Leonun durumu elədir ki, bilinmir zədə nədir. Ümumiyyətlə, meydançanın vəziyyətinə görə anlamaq olmur ki, dizi zədələndi, ya harası? Bilmək olmur, sabah bilinəcək”.

Təcrübəli mütəxəssis Kadinin qırmızı vərəqə aldığı epizoda da münasibət bildirib:

“Mən bilmədim, orada nə baş verdi. 3 metr rəqib oyunçu Kadini dartırdı. İstər-istəməz o da insandır, reaksiya verib. Gələn kimi qırmızı vərəqə göstərdi. Epizodun əvvəlindən baxmaq lazımdır. Oyunçu da əli itələyib. Heç olmasa, sarı ver. Baş hakim Cavid Cəlilov epizodu gördü, ya görmədi bilmirəm, bəlkə VAR-da oturan Əliyar Ağayev dedi. Əliyar onsuz da bizim oyunlarda maraqlı qərarlar verir. Bu, birinci deyil. Çünki Cavid Cəlilov baxmadı. Rəqib onu o qədər tutdu ki, yıxıldı. Bir az ehtiyat elədi, yəqin ki... Çünki bundan öncəki oyunda Bəhlul Mustafazadəyə ikinci sarıdan qırmızı verilmədi və çox müzakirə olundu.

Hakimlər də yəqin ondan sonra ehtiyat edirlər ki, onlara söz gəlməsin. Çox danışmaq istəmirəm bu mövzuda. Amma meydançanı nəzərə almaq lazımdır. Hakimlər federasiyaya deməlidirlər ki, burada oyun oynamaq olmaz. Belə şey olar? Hansı əsrdə yaşayırıq? 25 ildir ki, futbolumuzun inkişaf etməsindən danışırıq. Amma bu cür meydançada yox. Bilirəm ki, “İmişli” yeni komandadır, başa düşürəm. Amma gedirlər Bakıda məşq edirlər, gəlib burda oynayırlar. Bakıda məşq edirlər, orada da oynasınlar və ya başqa stadionda çıxış etsinlər. Bunu ona görə deyirəm ki, bəlkə stadionun yaxşılaşdırılması üçün hansısa addım atılar, mənim də faydam olar. Amma bizim heç kimlə düşmənçiliyimiz, asılı vəziyyətimiz yoxdur. Sadəcə deyirəm ki, “Nyukasl”la Çempionlar Liqası matçına hazır olmayacağam. Birbaşa bunu burada deyirəm. Çünki 3-4 oyunluq gücümüzü bu gün sərf etdik. Futbolçuların bərpası çətin olacaq, alınmayacaq. Mən bu qədər düşünmürdüm. Açığı, bu klublar Liqaya gələndə onlara stadionu düzəltmək üçün bir il vaxt verildi. Bu da onlarda arxayınlıq yaradıb. Yenə də Qubaya gələndə meydançanı bu qədər bərbad bilmirdim. Çox məyusam. Son zamanlarda heç vaxt belə məyus olmamışam”.

Link kopyalandı!
Son xəbərlər