Qurban Qurbanov Nəriman Axundzadənin ABŞ klubuna transferinə münasibət bildirib
İdman
157
18:00, Bu gün

Qurban Qurbanov Nəriman Axundzadənin ABŞ klubuna transferinə münasibət bildirib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın hücumçusu Nəriman Axundzadənin ABŞ klubuna transferi barədə danışıb.

Moderator.az xəbər verir ki, Qurban Qurbanov Misli Premyer Liqasının XIX turunda "Şamaxı" ilə səfərdə keçirilən matçdan sonra mətbuat konfransında ciddi danışıqların getdiyini bildirib.

“Sona yaxınlaşırıq. Hələlik tam qərar verilməyib. Bu gün də oyundan sonra bir futbolçu yaxınlaşıb deyir ki, mənə yaxşı təklif var. Getməyimi istəyirsiniz, yoxsa qalmağımı? Bir az sakitləşməyə çalışırıq. Yenə belə xəbərlər gəlir. Xoşagəlməz deməzdim, futbolçunu da başa düşmək lazımdır. Sadəcə, təkliflər elə yerlərdən gəlir ki, yalnız pula görə oraya getmək olar. Bunlara “yox” da demək olmur. Çalışırıq ki, oyunçuları oyunlara yaxşı hazırlayaq”, - Qurban Qurbanov söyləyib.

Qurban Qurbanov Bəhlul Mustafazadənin Çinə transferinin baş tutmamasına da münasibət bildirib.

“Bəhlul Mustafazadənin Çinə getməməsində sizin nə dərəcədə rolunuz oldu” sualına cavabında baş məşqçi bunları deyib: “Orada bir neçə detal oldu. Bəhlulun özü ilə danışıb, razılaşmışdım. Mən Bəhlulun tərəfində idim. Bəzi detallar var ki, dərinliyə getmək lazım deyil”.

Qeyd edək ki, "Qarabağ" klubu bu gün yaydığı açıqlamada Nəriman Axundzadə ilə bağlı MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqların yekun mərhələyə çatdığını bildirib.

“Tərəflər arasında razılıq əldə olunub. Mövcud razılaşmaya əsasən, 21 yaşlı forvardın qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.

Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq”, - deyə məlumatda vurğulanıb.

Link kopyalandı!
Son xəbərlər