Bizi sosial şəbəkələrdən izləyin:
"Səhər saat 5-ə qədər yatmamışıq. Ancaq zənglərə cavab vermişik".
Moderator.az xəbər verir ki, bu sözləri "Teleqraf"a açıqlamasında "Qarabağ" futbol klubunun müdafiəçisi Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev deyib.
Futbol mütəxəssisi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ"ın Bakıda Almaniya təmsilçisi "Ayntraxt" üzərində 3:2 hesablı qələbəsi ilə bağlı təəssüratlarını bölüşüb.
Mustafayev oğlunun 90+4-cü dəqiqədə vurduğu qələbə qolundan da danışıb:
"Bundan gözəl səhər ola bilməzdi, bu, dəqiqdir. Oyuna stadiondan baxırdım. Qol vurulan anda sevincimizdən bir-birimizi qucaqladıq, heç bilmədim qolu kim vurub. Top mərkəzə gələnə qədər bunu bilmədim, ancaq yanımdakı digər azarkeşlərlə qucaqlaşırdım. Sadəcə, "Qarabağ"ın qol vurduğunu gördüm. Tamaşaçılar "Bəhlul, Bəhlul" deyə qışqırırdı. Sonra gedişata baxanda gördüm ki, odur. Komanda üçün daha çox sevindim. Bəhlulun da qol vurması mənim üçün xoşdur. Amma kim vursaydı, yenə eyni sevinci yaşayacaqdım. Bəhlulun qol vurması xüsusi bir şeydir. Cənab Prezidentin təbrikini də oxudum. Bu oyun o boyda ölkə başçısının diqqətindədirsə, böyük bir şeydir".
Ələmdar Mustafayev Ağdam klubunun hesabda geri düşməsindən də söz açıb:
"78-ci dəqiqədə hesabda geri düşəndə inanılmaz idi. Bərabərlik qolu vaxtında vuruldu, ikinci top daha qiymətli idi. Oğlumun Çempionlar Liqasının Liqa mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olması qürurvericidir. Azərbaycanlı olması ilə yanaşı, övladım olduğu üçün də qürur duyuram. Bu qolu irəliyə doğru atılan addım hesab edirəm. Amma legionerliyi deyə bilmərəm. Çünki "Qarabağ" özü artıq markadır. Çempionlar Liqasının Liqa mərhələsində oynamaq, Azərbaycanı təmsil etmək qədər qiymətli şey bilmirəm".
Qeyd edək ki, "Qarabağ" hazırda 10 xalla Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.