Afrika Millətlər Kubokunun Mərakeşə qarşı (1:0) final matçında hakimə etiraz edərək meydanı tərk edən Seneqal milli komandasının oyunçuları və məşqçiləri 4-6 oyunluq diskvalifikasiya oluna bilərlər.
Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın AS qəzeti məlumat verib.
Diskvalifikasiya tətbiq olunarsa, bu 2026-cı il dünya çempionatının qrup mərhələsindəki matçlara da şamil ediləcək. Həmçinin Afrika Millətlər Kuboku qaydalarına əsasən, Seneqal milli komandası nümayəndə heyəti və azarkeşlərin nizamsız davranışına görə 50 000 avrodan 100 000 avroya qədər cərimə ilə üzləşib.
Xatırladaq ki, Mərakeşlə oyunun sonunda Seneqal millisinin qolu VAR-ın müdaxiləsindən sonra ləğv edilib. Daha sonra Seneqala qarşı penalti təyin edilib. Seneqalın baş məşqçisi Pap Tyav etiraz edərək oyunçularını meydandan çıxarıb. On beş dəqiqə sonra Seneqal meydana qayıdıb və qapıçı Eduard Mendi Brahim Diazın penalti zərbəsini dəf edib. Əsas vaxt 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda Papa Guyenin qolu Seneqala kuboku qazandırıb.
Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.