PSJ-nin baş məşqçisi Luis Enrike 2026-cı ilin yayında Paris klubundan ayrılaraq "Real Madrid"i idarə edə bilər.
Moderator.az xəbər verir ki, bu barədə "Topskills Sports UK"in X hesabında məlumat paylaşılıb.
Məlumata görə, Enrike yeni kluba keçməyə açıqdır, lakin bu, yalnız oyunçular, transferlər və idman qərarları üzərində tam nəzarəti ələ keçirmək şərti ilə mümkündür. Qeyd olunur ki, ispan məşqçi İspaniya liqasına qayıtmaq imkanını ciddi şəkildə nəzərdən keçirir.
2023-cü ilin yayından bəri Enrike PSJ-ni çalışdırır və onunla birlikdə Çempionlar Liqasını, Qitələrarası Kuboku, UEFA Superkubokunu və iki Fransa çempionluğunu, iki Fransa Kubokunu və iki Fransa Superkubokunu qazanıb.
Xatırladaq ki, Enrike 2014-cü ildən 2017-ci ilə qədər "Barselona"nın baş məşqçisi vəzifəsində çalışıb. Katalonlar onun rəhbərliyi altında Çempionlar Liqasını, Klublararası Dünya Kubokunu, UEFA Superkubokunu, iki İspaniya çempionluğunu, üç İspaniya Kubokunu və bir İspaniya Superkubokunu qazanıblar.
Enrike, həmçinin "Selta Viqo", "Roma" və İspaniya millisindəki məşqçilik işi ilə də tanınır.