Türkiyədəki təlim-məşq toplanışında "Sumqayıt"ın gənc futbolçuları təcrübə qazanıblar.
Moderator.az xəbər verir ki, bunu "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Saşa İliç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında keçirdikləri sonuncu hazırlıq matçı barədə danışıb:
"Məğlub olmağımıza baxmayaraq, düşünürəm ki bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik. Bir xeyli şanslarımız da oldu, lakin onlardan yararlana bilmədik. Bəzi mikro zədəsi olan futbolçularımız da var idi, qarşıdakı çempionat oyununu düşünüb onlara istirahət verdik. Yenə də bildirirəm ki mənim üçün hazırlıq oyunlarında nəticə önəm daşımır. Bu gün təlim-məşq toplanışımızı başa vurduq. Düşünürəm ki bu toplanışdan daha çox gənc oyunçularımız təcrübə qazandı. Onlar Avropanın sayılıb-seçilən komandalarına qarşı çıxış etmək fürsəti əldə etdilər. Bu fürsətin onlara gələcək karyeralarında kömək olacağına ümid edirəm".
Qeyd edək ki, "Sumqayıt" - "Osiyek" (Xorvatiya) görüşü rəqib komandanın 2:0 hesablı qələbəsi ilə bitib.