İdman
1737
08 Jan 2026 | 00:33

"Vaqner"çilər həbsdə olan sabiq "Formula-1" pilotunun doqquz avtomobilini oğurlayıblar

Fırıldaqçılıqda ittiham olunan və hazırda həbsdə olan keçmiş "Formula-1" pilotu Adrian Sutilin işi ilə bağlı yeni detallar ortaya çıxıb.

Moderator.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, sabiq pilotun doqquz ədəd superkarı Monakodakı qarajından naməlum şəraitdə yoxa çıxıb.

Bildirilir ki, Sutilin ailəsinə anonim telefon zəngi daxil olub. Zəng edən şəxs özünü Vladimir kimi təqdim edərək Rusiyanın "Vaqner" adlı özəl hərbi şirkətinə mənsub olduğunu iddia edib və "adamlarının" avtomobilləri götürmək üçün Monakoya gələcəyini bildirib.

Bir müddət sonra bir neçə nəfər Monakodakı qaraja gələrək avtomobillərin təhvil verilməsini tələb edib. Onlar ailəni hədələyib və fiziki zorakılıq tətbiq ediblər. Sutilin ailəsi yeni təhdidlər aldıqdan sonra 31 dekabr 2025-ci il tarixində polisə müraciət edib.

Hazırda iş Ştutqart Prokurorluğu və Baden-Vürtemberq polisi tərəfindən araşdırılır. İstintaq Monako hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində aparılır. Hadisə ilə bağlı İnterpola da məlumat verilib.

Xatırladaq ki, Sutil 2025-ci ilin noyabr ayının sonlarında həbs olunub. O, lüks avtomobillərlə bağlı fırıldaqçılıq və mənimsəmə ittihamları ilə üzləşib. Keçmiş pilot irəli sürülən ittihamları qəbul etmir və istintaqla tam əməkdaşlıq etdiyini bildirir.

Bundan əlavə, Monako və İsveçrə ərazisində aparılan axtarışlar zamanı təxminən 20 avtomobil müsadirə edilib. Daha doqquz avtomobil isə qarajda qalıb.

 

(Oxu.az)

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər