FIFA bu il keçiriləcək dünya çempionatının mükafat fondunun artırılması ilə bağlı qərar qəbul edib.
Moderator.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi oyunlar üçün məhdud sayda münasib qiymətli biletlərin elanından sonra FIFA DÇ-2026-nın mükafat məbləğini təsdiqləyib.
Qətərdə keçirilən iclasda FIFA Şurasının qəbul etdiyi qərara əsasən, ümumilikdə 727 milyon ABŞ dolları dünya üzrə futbol federasiyaları arasında bölüşdürüləcək. Bu məbləğin 655 milyon dolları final mərhələsində iştirak edəcək 48 milli komandaya veriləcək.
Bu qərar 2022-ci il dünya çempionatı ilə müqayisədə mükafat fondunun 50 faiz artırılması deməkdir. Hər bir iştirakçı federasiya minimum 10,5 milyon dollar alacaq. Bu məbləğin 9 milyon dolları turniri 33–48-ci yerlərdə başa vuran komandalar üçün nəzərdə tutulub. Bundan əlavə, hər komandaya iştirak xərcləri üçün 1,5 milyon dollar ayrılacaq. 17–32-ci yerləri tutan komandalar 11 milyon dollar mükafat alacaqlar. 1/8 finalda uduzan yığmalar 15 milyon dollar, 1/4 finalda mübarizəni dayandıranlar isə 19 milyon dollar qazanacaqlar. Dördüncü yerin sahibi 27 milyon dollar, üçüncü yeri tutan komanda 29 milyon dollar əldə edəcək. Finalda uduzan komanda 33 milyon dollar mükafat alacaq. Dünya çempionu isə 50 milyon ABŞ dolları qazanacaq.
FIFA prezidenti Canni İnfantino mükafat fondunun artırılmasını mühüm və tarixi addım adlandırıb.
Böyük məbləğlərə baxmayaraq, Lionel Messi, Kilian Mbappe, Harri Keyn və Kriştianu Ronaldu kimi futbolçular üçün əsas məqsəd çempionluq titulunu qazanmaqdır.
Mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada yerləşən 16 stadionda keçiriləcək. CONCACAF zonasındakı son dünya çempionatı 1994-cü ildə baş tutub. Həmin turnirdə Braziliya millisi finalda İtaliya üzərində qələbə qazanıb və 4,5 milyon dollar mükafat əldə edib.