"Trampın təzyiqi, Kremlin zəifləyən rıçaqları və Putinin qaça bilmədiyi məğlubiyyət riski..."
Uzun illərdən sonra ilk dəfə olaraq Ukrayna üçün ehtiyatlı nikbinliyə əsas verən real siqnallar yaranıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Nəşrin köşə yazarı, hərbi analitik Hemiş de Bretton-Qordon hesab edir ki, 2026-cı il Ukrayna üçün ədalətli və dayanıqlı sülh ili ola bilər. Müəllifin fikrincə, Donald Trampın Ukrayna üzrə sülh razılaşmasının "95 faiz hazır olduğu" barədə bəyanatı Moskvada açıq təlaş yaradıb.
Bu təlaş Kremlə xas köhnə üsulla - kobud dezinformasiya və inandırıcılığı zəif narrativlərlə özünü göstərib. Analitikə görə, Putinin guya bu həftə 91 pilotsuz uçuş aparatı ilə hədəfə alınması iddiası da məhz bu təlaşın məhsuludur. Bretton-Qordon yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bu hadisənin böyük ehtimalla "saxta bayraq" əməliyyatı olduğunu Trampa çatdırıb.
Məqsəd sülh prosesini pozmaq idi, lakin bu cəhd nəinki uğursuz olub, hətta Rusiyanın öz daxilində də rəsmi versiyaya şübhələri artırıb. Analitikin sözlərinə görə, "təhlükəli məqam ondan ibarətdir ki, təbliğat daxildə dağılmağa başlayanda, onun ardınca adətən rejimlər də çökür".
Putin üçün ən pis ssenari
Məqalədə qeyd olunur ki, Putin hazırda yalnız bir əsas rıçağa ümid edə bilər: Tramp ilə Zelenski arasında nifaq salmaq. Lakin Tramp artıq bir neçə həftə əvvəlki ilə müqayisədə Kremlin manipulyasiyalarına xeyli az həssasdır. Bu isə Ağ Evi elə bir sülh modelinə aparır ki, o, Ukrayna üçün ideal olmasa da, Moskva üçün daha ağır nəticələr vəd edir.
Xüsusilə diqqətçəkən məqam ABŞ və NATO-nun 15 illik təhlükəsizlik zəmanətlərinin faktiki olaraq NATO müdafiəsi demək olmasıdır. Bundan da narahatedici məsələ Trampın açıq şəkildə Ukrayna ərazisində Qərb hərbi kontingentinin mümkün mövcudluğunu müzakirə etməsidir. Bretton-Qordon vurğulayır ki, bu ssenari Putinin tam məğlubiyyəti kimi qəbul ediləcək və Kremlin heç bir təbliğat mexanizmi bunu fərqli təqdim edə bilməyəcək.
İqtisadi təzyiq və zəifləyən rıçaqlar
Analitik yazır ki, cəbhə xəttinin dondurulacağı bir şəraitdə Donbasdakı nadir torpaq metalları ilə bağlı danışıqları artıq Putin deyil, Tramp aparacaq. Üstəlik, mümkün reparasiyalar və dondurulmuş 200 milyard dollarlıq Rusiya aktivlərinin müsadirəsi perspektivi onsuz da sərbəst enişdə olan Rusiya iqtisadiyyatını daha da kövrək vəziyyətə salır.
Buna iki əlavə amil də qoşulur: birincisi, Rusiya ordusunun NATO ilə - hətta ABŞ-ın iştirakı olmadan belə qarşıdurmaya davam gətirə bilmədiyi artıq aydındır. İkincisi isə neftin qiymətinin 60 dolların altına düşməsi ilə Rusiya hərbi maşınını qidalandıran maliyyə axınının sürətlə qurumasıdır. Gəlir olmadıqda silahlar da susur.
Məqalədə vurğulanır ki, Kreml son həftələrdə nüvə silahı ilə təhdidi demək olar ki, dayandırıb. Çünki Moskva artıq anlayır: nüvə silahı ilə təhdid Avropa liderlərini əvvəlki kimi qorxutmur. Bretton-Qordonun qənaətinə görə, əgər Tramp Putinə təzyiqi davam etdirsə və Avropa ölkələri real hərbi güclərini bərpa etsə, Kreml üçün başa düşülən yeganə dil məhz bu olacaq və 2026-cı il Ukrayna üçün ədalətli, dayanıqlı sülh gətirə bilər.