"Ayntraxt Frankfurt"un azarkeşlərinin son oyunlardakı davranışları klubun daxilində kəskin etirazlara səbəb olub.
Moderator.az xəbər verir ki, klubun prezidenti Matias Bek "Bild" qəzetinə verdiyi açıqlamada azarkeşlərinin son oyunlardakı davranışlarından qəzəbləndiyini deyib.
O bildirib ki, "Köln" və "Barselona" ilə oyunlardakı hadisələr komandaya böyük ziyan vurur:
"Köln və Barselonada keçirdikləri səfər qarşılaşmaları zamanı baş verən insidentlər kluba ciddi ziyan vurub və bir sıra cəzalarla nəticələnib. Bu məni də son dərəcə qəzəbləndirir və təbii ki, uğur təhlükə altına düşürsə, tədbir görülməlidir. Klub rəhbərliyi hazırda vəziyyətin həlli üçün konkret tədbirlər üzərində çalışır".
Qeyd edək ki, "Ayntraxt" azarkeşləri Çempionlar Liqasında "Barselona" ilə səfər oyunu zamanı pirotexniki vasitələrdən istifadə edib, qonaq sektoruna ziyan vurub və meydançaya əşyalar atıblar. Bununla əlaqədar UEFA Frankfurt təmsilçisinə yanvarın 21-də "Qarabağ"a qarşı keçiriləcək oyunda öz azarkeşlərinə bilet satışını qadağan edib.