Daşkənd Azərbaycan və Özbəkistanda U-20 DÇ-nin təşkilat komitələrinin yaradılmasına münasibət bildirib
İdman
292
19:10, Bu gün

Daşkənd Azərbaycan və Özbəkistanda U-20 DÇ-nin təşkilat komitələrinin yaradılmasına münasibət bildirib

Dekabrın 15-də Azərbaycan və Özbəkistan prezidentlərinin 2027-ci ildə gənclər arasında futbol üzrə dünya çempionatının birgə keçirilməsi tədbirləri haqqında qərarları eyni vaxtda imzalaması iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsinin parlaq sübutudur.

Bu barədə Moderator.az-a Özbəkistan Xarici İşlər Nazirliyinin müşaviri, xarici siyasət qurumunun mətbuat katibi Ahror Burxanov bildirib.

Burxanovun sözlərinə görə, bu addım Daşkənd və Bakının hərtərəfli əməkdaşlığın, o cümlədən humanitar və idman sahələrində əlaqələrin inkişafına yanaşmalarının oxşarlığını əks etdirir, həmçinin qarşılıqlı etimad və irimiqyaslı birgə beynəlxalq layihələrin həyata keçirilməsinə hazırlığı göstərir.

"U-20 dünya çempionatının keçirilməsi Özbəkistan və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, gənclər arasında idmanın inkişafına və dostluq, qarşılıqlı anlaşma və ədalətli rəqabət dəyərlərinin təşviqinə mühüm töhfə olacaq", - o deyib.

Mətbuat katibi vurğulayıb ki, Özbəkistan XİN bu mötəbər turnirin uğurla keçirilməsinə yönəlmiş səmərəli beynəlxalq əməkdaşlığa bundan sonra da dəstək verəcək.

Özbəkistan Prezidenti də bu gün turnirin keçirilməsi üzrə tədbirlər haqqında qərar imzalayıb. Qərara əsasən, Özbəkistanda FİFA-nın tələblərinə uyğun infrastrukturun yaradılması, turnirin nəqliyyat, enerji və tibbi təminatı, həmçinin beynəlxalq əməkdaşlığın inkişafı üzrə prioritetlər müəyyən edilib. Çempionatın keçirilməsi Özbəkistanın 2026-2027-ci illər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına da maliyyələşdiriləcək. Bundan başqa, Daşkənddə Mərkəzi Asiya ölkələri üçün FİFA-nın regional ofisinin açılması planlaşdırılır.

Link kopyalandı!
Son xəbərlər