İdman
164
15:10, Bu gün

"Qarabağ"ın məğlubiyyətinin pərdəarxası - Millinin sabiq baş məşqçisi danışır

Dekabrın 10-u Azərbaycan futbolu adına hər zaman üzüntü ilə xatırlayacağımız bir gecə oldu. Sərt hava şəraitinə, güclü yağışa baxmayaraq, 30 mindən çox azarkeş Tofiq Bəhramov adına Respublika stadionuna o tarixi birlikdə yazmağa getmişdi. Amma Azərbaycan çempionu "Qarabağ" milyonları kədərə qərq etdi...
 
Çempionlar Liqasının Liqa Mərhələsinin VI turu və rəqib Hollandiya nəhəngi "Ayaks" idi. Rəqibin 0 xalı var idi və iddiası yox idi. Amma "Qarabağ"ımız 7 xalla hökmən bu oyunda qalib gəlib 24-lüyə düşmək üçün "şans pəncərəsi" ni tam şəkildə aramağa məcburdur. Əslində hər kəs də buna inanırdı. Çünki, həm də "Ayaks" Bakıya daha çox gənc oyunçuları ilə gəlmişdi. Dediyimiz kimi, üst pilləyə çıxmaq şansları yox idi. Amma "sən saydığını say, gör fələk nə sayır"...
Hər kəsin istədiyi oyunu oynayıb iki dəfə də önə keçən "Köhlən atlar" ikinci hissənin sonlarına doğru taqətdən düşdü və sözün həqiqi mənasında bizim üçün kabus başladı. 15 dəqiqəyəbburaxılan 3 top və yekun nəticə 2:4...
 
Moderator.az xəbər verir ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Musavat.com-a oyunu belə şərh edib:
 
"Bu barədə danışmaq çox çətindir. Hər birimizin gözləntisi başqa idi. Amma reallıqlar da var. Biz hərdən bir çox şeyləri reallıqdan kənarda hiss edirik. Bu gün deyirik ki, "Qarabağ" "Ayaks"ı udmalıdır. Bəli, "Ayaks" da əsas heyət oyunçuları gəlməmişdi. Gənc oyunçular daha çox idi. Ancaq"Ayaks" dünya futbolunda bir brenddir. İstənilən halda "Qarabağ" ın göstərdiyi şücaət bizi artıq böyük şeylərə zövq edir. Loru dildə desək, "Qarabağ" bizi çox pis öyrədib. Onun üçün də biz ondan hər oyunda bir qələbə gözləyirik. Bu da bir orqanizmdir. "Qarabağ" robot deyil. Bacardığı qədər dinamik bir futbol oynadı. Azarkeşlərə köklənmiş bir futbol nümayiş etdirdi. "Qarabağ" ikinci hissədə həm meydançanın ağır olması, həm də birinci, ikinci və üçüncü zonada pressinq etməsi səbəbindən yorğunluq yaşadı. Əvəzetmələr vacib idi. Oyuna əlavə ruh, enerji qatmaq üçün bu önəmli idi. Çünki "Ayaks"ın gənc futbolçuları çox idi və fiziki gücləri yetərincə idi. İkinci hissədə istər-istəməz sürəti qaldırdılar. Nəticədə dinamika daha da yüksəldi və "Qarabağ" tab gətirə bilmədi. Əks hücumlarda qollar buraxdıq. Ona görə daha çox məyusuq ki, şans əlimizdə idi. Oyun da 79-a qədər istədiyimiz kimi gedirdi. Amma bu futboldur və həm də futbolun gözəlliyi də budur. Eyni zamanda, bura Çempionlar Liqasıdır. Burada zəif rəqib yoxdur. Baxmayaraq ki, "Ayaks" bizə qədər 0 xala sahib idi. Hər kəs bizim qələbə qazanacağımızı düşünürdü. Amma futboldan əvvəl belə halları bu idman növü sevmir. Çempionlar liqasında oynayan hər bir klub titullu komandalardır. Əlbəttə, üzüldük. Amma çox da üzülməyə dəyməz. Yaxşı komandamız var. Unutmayaq ki, Çempionlar Liqası başlamamış kimsə desəydi ki, "Qarabağ" 7 xal toplayacaq. Çoxlarına gülməli gələrdi. Amma bu gün bu bir reallıqdır. Şanslarımızı saxlayırıq. "Ayaks" qarşısında çox yaxşı, bol qollu oyun oldu. Azarkeşlər yaxşı oyun izlədilər. Sadəcə "Qarabağ" hücum oyunu oynadı və nəticədə arxada boşluqlar verdi. Təcrübəli rəqib də bunları dəyərləndirdi. Uğurlar, "Qarabağ"a".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər