Məşhur aparıcı üsyan etdi: “Nə edək? Gəlməyək oyuna? Dəstək olmayaq komandamıza?”
İdman
228
13:41, Bu gün

Məşhur aparıcı üsyan etdi: “Nə edək? Gəlməyək oyuna? Dəstək olmayaq komandamıza?”

Tanınmış teleaparıcı Jalə Həsənli ötən gün keçirilən “Qarabağ” – “Ayaks” matçından əvvəl üzləşdiyi problemlərlə bağlı sosial şəbəkədəki şəxsi profilində paylaşım edib.

Moderator.az xəbər verir ki, stadiondan fotosunu paylaşan teleaparıcı “Şəkildə üzümün güldüyünə baxmayın, həyatımın bəlkə də ən gərgin, ən əsəbi gününü yaşadım”, yazıb.

Jalə Həsənli ardınca baş verənləri belə sıralayıb: “Böyük məşəqqət və stressdən sonra daxil ola bildiyim stadionda gözüm nə “Qarabağ”ın vurduğu qolu, nə də məğlubiyyətini gördü. “Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq” qadağasını çox fikirləşmisiniz? Hansı məntiqə, hansı dünya təcrübəsinə əsaslanmısınız? İnsanlar leysanda islana-islana əllərində biletlə qapının ağzında qalmışdılar.

Başqalarının gec gəlmə səbəbini bilmirəm ( hansı ki, o da anlaşılandı, yağış yağanda Bakının yolları iflic olur), mən də efirdən çıxıb böyük həyəcan və sevgi ilə özümü stadiona çatdırmışam. Oyunun 26-cı dəqiqəsində (telefonda izləyə-izləyə getmişəm oradan bilirəm) stadionun qarşısına çatmışam, orada məni “Böyük Çin səddi” qarşılayıb. Yaxınlaşıram, biletimi göstərirəm, gecikmə səbəbimi izah edirəm, deyirlər mümkün deyil. Yanımda 20-25 nəfər də var, aralarında xanımlar və uşaqlar da var, hamı həyəcanla o yağışda içəri keçməyi gözləyir, biletlərini göstərirlər, “olmaz”dan başqa heç nə eşitmirlər. Oyunun ilk hissəsini o insanlarla birgə əsəb və stress ilə oradan “izləyirik”. Niyə olmaz? Bilmirik. Qərar budur deyirlər.

Biletsiz keçənlərin qarşısını almağa çalışırsınız? 30 min azarkeş içəri keçəndə tək-tək yoxlayırsınız, 20-25 nəfəri yoxlamaq çətindir, mümkün deyil? Bu nə absurd qaydadır axı qoymusunuz?”

ARB 24 TV-nin əməkdaşı daha sonra bildirib: “Beynəlxalq futbol qaydalarında konkret “filan dəqiqədən sonra qapı bağlanır” kimi vaxt məhdudiyyəti yoxdur, bildiyim qədəri ilə. Çox nadir hallarda siyasi gərginlik olan matçlarda, komandalar arasında qarşıdurma tarixçəsi olanda giriş matç başladıqdan 10–30 dəqiqə sonra məhdudlaşdırıla bilir. Amma məhdudlaşdırıla bilir, tam bağlanmır, müəyyən sektorlar bağlanır, bəziləri isə güclü nəzarətlə açıq saxlanılır. Bəs bizdə niyə belə olmur? Ötən gün keçirilən oyunda hansı böyük təhlükə yaşana bilərdi ki, giriş bu şəkildə məhdudlaşdırıldı, sərtləşdirildi?

Deyirlər, təşkilat komitəsinin qərarıdır. Hansı təşkilatın? Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA-nın? Qarabağ FK-nın? Tofiq Bəhramov adına Respublika Stadionunun? Kimdən soruşaq? Kimə deyək dərdimizi? Niyə içimizdəki futbol həyəcanını, sevgisini niyəsini özünüzün də bilmədiyiniz səbəblərə görə öldürürsünüz? Nə edək? Gəlməyək oyuna? Dəstək olmayaq komandamıza?"

Aparıcı daha sonrakı müşahidələrini də bölüşüb: "Qayıdaq stadiona. 1-ci hissənin yekununda nəhayət başqa istiqamətdən fasilə üçün qapı açıldı və əllərində biletlə gözləyən insanlar içəri daxil ola bildilər. Biz içəri keçdik, amma fasilədə çölə çıxanlara da başqa absurd şərt qoyulduğunu eşitdik. “Çıxsanız, içəri girə bilməyəcəksiniz”. “Geciksəniz demədilər, çıxsanız” dedilər. Yəni, qapıdan ümumiyyətlə çıxmaq olmazdı. “Qaydalara” əsasən, ölsən də 90 dəqiqə stadionun həyətində “ölməli” imişsən.

Nəy isə, böyük gərginlik və yağışda islanandan sonra özümü “Qarabağ”ın yanına çatdıra bildim. Çatdıra bildim, amma dediyim kimi, nə sevinməyə, nə də üzülməyə həvəsim qaldı.

Heyif…”

Qeyd edək ki, ARB24-də müəllif proqramı olan Jalə Həsənli daha öncə "Efir bitdi, stadiona qaça bilərəm", yazmış, həmçinin "Qarabağ"ın 3-1 hesablı qələbə qazanacağı barədə proqnozunu bölüşmüşdü.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər