"Sabah bizi çətin oyun gözləyir."
Moderator.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" qarşılaşmasından əvvəl mətbuat konfransında "Qarabağ" klubunun müdafiəçisi Mateus Silva deyib.
O bildirib ki, doğma meydanda azarkeşlərimizi sevindirməyə çalışacağıq:
"Təəssüflər olsun ki, oyuna hazırlaşmağa çox vaxtımız olmadı. Oyun fəlsəfəmiz və məşqçinin bizdən istəyi bəllidir. Doğma meydanda azarkeşləri sevindirmək istəyirik. Düşünürəm ki, bu turnirdə təkcə mən yox bütün komanda yoldaşlarım yüksək performans göstərir. Sizə söz verirəm ki, sabah qələbə qazanmaq üçün mən və komanda yoldaşlarım əlimizdən gələni edəcəyik. Bütün oyunlara hazırlaşdığımız kimi bu oyuna da hazırlaşırıq. Xüsusi bir həyəcanımız yoxdur. Keçən il onlara böyük hesabla məğlub olmuşduq. Vəziyyəti bu dəfə öz xeyrimizə dəyişməyə çalışacağıq."
Müdafiəçi "Flamenqo"ya transfer xəbərləri barədə də danışıb:
"Mətbuatda çoxlu xəbərlər çıxır. Bu xəbərlərə inanmaq məcburiyyətində deyilik. Bizim öz missiyamız var. Mən bu işə fokuslanmışam. Sonra düşünmək üçün vaxtımız olacaq".
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü saat 21:45-də başlayacaq.