Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, həmçinin Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dəfələrlə Dünya və Avropa çempionu olan Eduard Məmmədov Baku TV-yə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Kikboksinqin WAKO versiyası üzrə Dünya Çempionatı haqqında açıqlama verib.
Eduard Məmmədov qeyd edib ki, Azərbaycan kikboksinq tarixində bu qədər yüksək nəticə əldə olunmayıb:
"Noyabrın 21-dən 30-na kimi Əbu-Dabi şəhərində WAKO versiyası üzrə Dünya Çempionatı keçirilmişdi. Bildiyiniz kimi, WAKO ən ağır versiyadır. İki ildən bir həm Dünya, həm də Avropa çempionatı olur. Bu yarışda ümumi Azərbaycan kikboksinq komandası 6 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb. Ümumiyyətlə, bu günə kimi belə nəticəmiz olmayıb. Bu, Azərbaycan Kikboksinq Federasiyası üçün çox böyük uğurdur".
Məmmədov bu yarışda həm federasiya rəsmisi, həm məşqçi, həm də idmançı kimi iştirak etdiyini bildirib. Onun idmançı kimi yarışlarda iştirak etməsinin əsas məqsədi gəncləri ruhlandırmaq olub:
"Şükürlər olsun ki, mən özüm bu yarışa həm federasiyanın vitse-prezidenti kimi, həm məşqçi kimi, həm də idmançı kimi qatılmışdım. İdmançı kimi ona görə iştirak etmişdim ki, cavanlara motivasiya olsun, görsünlər ki, əgər müəllimi bacarırsa, müəllimi vuruşursa, uşaqlar da bacararlar. Və elə də oldu".
Eduard Məmmədov şəxsi nəticələri barədə də məlumat verib:
"Bildiyiniz kimi, mən iki versiyada döyüşdüm. 63 kq çəki dərəcəsində master kateqoriyasında Light Kontakt və Kick Light. Hər ikisində qızıl medal qazandım və iki gün ərzində 6 döyüş keçirdim. Güclü rəqiblər üzərində qalib gəldim".
Daha ətraflı süjetdə: