"Qarabağ" Avropada özünü sübut etməyi bacarıb".
Moderator.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Ayaks" komandasının sabiq futbolçusu Şota Arveladze keçmiş klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda "Qarabağ"la keçirəcəyi oyunla bağlı danışarkən deyib.
Hazırda Amsterdam təmsilçisinin yaxşı durumda olmadığını söyləyən 52 yaşlı mütəxəssis Azərbaycan çempionunun daha şanslı olduğunu bildirib:
"Ayaks"ın Çempionlar Liqasında xalı yoxdur. Komanda özünü toparlamağa məcburdur. Heyətinin pis olduğunu söyləyə bilmərəm. Yaxşı gənc oyunçuları var. Lakin hazırkı durumda "Qarabağ" daha yaxşı formadadır. Onlar doğma meydanda oynayacaqlar. Bu da əlavə üstünlükdür. Hesabın necə olacağını indidən demək çətindir".
O, Ağdam klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsindəki şanslarını da dəyərləndirib:
"Hazırkı durumda yeddi xal var. Bundan sonra da xallar qazanılmalıdır. Nəticədən asılı olmayaraq, "Qarabağ"ın buraya qədər gəlməsi böyük uğurdur".
Ş.Arveladze indiyədək bir dəfə Azərbaycandan təklif aldığını deyib:
"Bu da iki il əvvəl "Neftçi"dən gələn təklif idi".
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq "Qarabağ" - "Ayaks" görüşü saat 21:45-də başlayacaq.