Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin jandarm qüvvələri tərəfindən həyata keçirilən qanunsuz mərc və fırıldaqçılıq əməliyyatında 11 şübhəli şəxs saxlanılıb.
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qanunsuz mərc və fırıldaqçılıq fəaliyyətlərindən əldə edilən qanunsuz gəlirləri elektron pul sistemləri vasitəsilə leqallaşdırdığı hesab edilən "PAYCO Elektron Pul və Ödəmə Sistemləri A.Ş"yə qarşı böyük bir əməliyyat həyata keçirilib.
İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə, Jandarm Baş Komandanlığının Kibercinayətlərlə Mübarizə Departamenti, İstanbul İl Jandarma Komandanlığı və MASAK komandaları tərəfindən həyata keçirilən əməliyyat çərçivəsində qanunsuz mərc və fırıldaqçılıq fəaliyyətlərindən əldə edilən gəlirlərin elektron pul və ödəmə xidməti göstərən qurumlar vasitəsilə sistematik şəkildə maliyyə sisteminə daxil edildiyi və çoxlu sayda daxili-xarici şirkətlər vasitəsilə leqallaşdırıldığı müəyyən edilib.
İstanbul, Ankara, Kocaeli və Yalova bölgələrində eyni vaxtda həyata keçirilən əməliyyatlarda 11 şübhəli şəxs saxlanılıb. Araşdırmalarda şirkətin ümumi 123 milyard 534 milyon türk lirəsini (təxminən 5 milyard manat) leqallaşdırdığı müəyyən edilib.
Qanunsuz olaraq əldə edilən gəlirlərin leqallaşdırılmasının qarşısını almaq məqsədilə şübhəli şəxslərə və şirkətə aid bütün bank hesabları və kriptoaktiv hesablarına, iki lüks avtomobilə, dörd motosikletə, üç mənzilə və üç torpaq sahəsi olmaqla çoxlu sayda daşınar və daşınmaz əmlaka əl qoyulub.