“Qalatasaray”ın sabiq baş məşqçisi: “Azərbaycandan təklif olsaydı, mütləq gələrdim”
İdman
58
11:18, Bu gün

“Qalatasaray”ın sabiq baş məşqçisi: “Azərbaycandan təklif olsaydı, mütləq gələrdim”

"“Qalatasaray”ın “Union”la oyunundan sonra “Napoli” - “Qarabağ” matçını izlədim".
 
Moderator.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qalatasaray”ın sabiq baş məşqçisi Hamza Hamzaoğlu deyib.
 
Türkiyəli tanınmış mütəxəssisin sözlərinə görə, Azərbaycan təmsilçisi məğlub olmasına baxmayaraq, layiqli mübarizə aparıb:
 
“Yaxşı qol fürsətləri də oldu, təəssüf ki, məntiqi sonluqla nəticələnmədi. “Napoli” bir az da təcrübəsi hesabına qalib gəldi. Nəticəyə baxmayaraq, “Qarabağ”ı təbrik edirəm. Çempionlar Liqasında bura qədər gəlmək asan iş deyil. Qurban Qurbanovun işini çox bəyənirəm. Onun gördüyü işlər möhtəşəmdir. Biz “Qarabağ”ı sevirik”.
 
O, “Qarabağ”ın liqa mərhələsindəki şanslarını da dəyərləndirib:
 
“Qarşıda üç çətin oyun var. Amma “Qarabağ” Çempionlar Liqasında nəyə qadir olduğunu sübut edib. Düşünürəm ki, komandanın hazırkı problemi orta sahə ilə bağlıdır. Marko Yankoviç çox yaxşı futbolçudur. Onu Serbiya təmsilçisi “Partizan”dakı çıxışından tanıyıram. Lakin yarımmüdafiəni daha da gücləndirmək üçün müəyyən dəyişikliklər lazımdır. Çünki komanda bəzən bu zonada axsayır”.
 
Vaxtilə Türkiyə millisində köməkçi məşqçi vəzifəsində işləmiş çalışdırıcı indiyədək Azərbaycandan təklif almadığını deyib:
 
“Təklif olsaydı, mütləq gələrdim. Azərbaycan bizim də Vətənimizdir”.
 
Qeyd edək ki, Hamza Hamzaoğlu “Qalatasaray”da işlədiyi dönəmdə komandaya Türkiyə çempionluğunu, ölkə kubokunu və Superkubokunu qazandırıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər