İdman
181
14:14, Bu gün

"Çempionatda "Qarabağ"ın rəqibləri azdır, əsas gücü ÇL-ə yönəldib" - Canni De Byazi

"“Qarabağ” bu mövsüm xüsusi olaraq Çempionlar Liqası üçün hazırlaşıb. Daxili çempionatda rəqibləri az olduğuna görə əsas gücü avrokuboklara yönəldib".
 
Moderator.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin italiyalı sabiq baş məşqçisi Canni De Byazi “Napoli”nin UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində “Qarabağ”la keçirəcəyi oyunla bağlı ölkəsinin mətbuatına müsahibəsində deyib.
 
Mütəxəssis Qurban Qurbanovun komandasının əvvəlki illərə nisbətən daha güclü olduğunu deyib: “Bu gedişat məni təəccübləndirmir. Çünki bu il onların əsas hədəfi məhz ÇL-dir. Bu turnir həm nüfuz, həm pul, həm də təcrübə qazanmaq baxımından əhəmiyyətlidir. “Qarabağ”ın maliyyə baxımından üstünlüyü var. Yaxşı büdcə ilə keyfiyyətli legionerlər cəlb edə bilir. Bu oyunçular dünya ulduzu olmasalar da, motivasiya ilə oynayanda rəqib üçün real təhlükə yaradırlar”.
 
O, Ağdam təmsilçisini Azərbaycanın ən hegemon klubu adlandırıb: “Hətta iki fərqli heyəti var. Biri daxili oyunlar, digəri isə avrokuboklar üçündür. Azərbaycan Premyer Liqasının izləyici auditoriyası çox da geniş olmadığından klubların maliyyəsi daha çox avrokubok oyunları hesabına formalaşır”.
 
Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Link kopyalandı!
Son xəbərlər