"Formula-1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandasının pilotu Maks Ferstappen idmanın mövcud qaydalarına münasibət bildirib.
Moderator.az xəbər verir ki, bu barədə Crash.net məlumat yayıb.
"Deyə bilmərəm ki, mövcud qaydalar mənə xoşdur, mən sadəcə onlara əməl edirəm. "Formula-1" həddindən artıq mürəkkəbləşibmi? Belə də demək olar. Qayda nə qədər çox olsa, hamı üçün bir o qədər çətin olur. Hakimlər qaydalara ciddi riayət etmək məcburiyyətindədirlər: öz gözlərinlə gördüyün reqlamentdə göstəriləndən fərqli ola bilər", - deyə Ferstappen bildirib.
Dördqat dünya çempionu Ferstappen əl hərəkətləri ilə sanki sənədləri şrederdən (kağız və digər materialların doğranması üçün cihaz) keçirirmiş kimi göstərərək zarafatla: "Karlos və Corc artıq hər şeyi hazırlayıblar, bu səbəbdən də mən ancaq öz rahatlığıma baxacağam", - deyib.
Qeyd edək ki, Karlos Sayns və Corc Rassell Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilə sıx əməkdaşlıq edən Qran-pri Pilotları Assosiasiyasının (GPDA) həmsədrləridir - bu təşkilat sürücülərin həmkarlar ittifaqı rolunu oynayır.