U-21 millimizin baş məşqçisi:
İdman
250
12:27, Bu gün

U-21 millimizin baş məşqçisi: "Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllüttariq yığması ilə keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

Moderator.az xəbər verir ki, o, AFFA-nın Mətbuat Xidmətinə açıqlamasında komandanın matça hazırlığından razı qaldığını deyib:

"Faydalı hazırlıq prosesi keçdik. Futbolçularla həm oyunun mental tərəfi, həm də taktiki mövzular haqqında söhbətlər apardıq. Ümumilikdə uşaqların matça köklənmələrindən və toplanış dönəmindəki hazırlıqlarından razıyam. Bundan başqa, Səttar Tahirzadəni də komandaya cəlb etdik. Ümid edirəm ki, ona debüt imkanı yaranacaq".

Baş məşqçi səfərdə çıxış etmələrinə baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxacaqlarını vurğulayıb:

"Bizi motivasiyalı rəqib gözləyir. Onların bu görüşdə bütün güclərini ortaya qoyacaqlarına əminəm. Futbolçular bu məsələ ilə bağlı mənim münasibətimi yaxşı bilirlər. Biz hansısa aspektdə rəqibdən daha güclü ola və ya əksinə, müəyyən cəhətlərdə zəif görünə bilərik. Amma rəqibin kimliyindən asılı olmayaraq, qətiyyən heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir".

Qeyd edək ki, bu gün "Europa Point Stadium"da keçiriləcək Cəbəllüttariq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Link kopyalandı!
Son xəbərlər