“Meydana veteran futbolçularla çıxsaydıq, elə arxada dayansaydıq, biz də eyni hesabla uduzardıq. Məğlub olsaq da, komanda şəklində kombinasiya görmədik, heç ardıcıl beş ötürmə edə bilmədik. 90 dəqiqə müdafiədə oturduq. Fransa da sanki bura məşq etməyə gəlmişdi”.
Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan millisinin veteran futbolçusu Mahir Şükürov deyib.
Yığmanın DÇ-2026-nın seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə uduzduğu matçı stadiondan izləyən 43 yaşlı mütəxəssis nəticələrin səbəbini belə izah edib:
“Bilirik ki, Fransanın bütün oyunçuları oynamırdı. İkinci heyətlə çıxmışdılar. Oyun 3:1 onların üstünlüyü ilə bitdi. Amma hesab baxımından belə qurtardıq. Camaatın başını aldatmasınlar. Heç bir inkişafdan söhbət gedə bilməz. İnkişaf varsa, klub səviyyəsində “Qarabağ”dadır. Başqa heç bir millinin aşağı yaşlarından əsasına qədər heç bir inkişaf yoxdur. Sadəcə, camaatın başını aldadırlar. Bu şeyləri görmüşük, illərdir bunu eşidirik. Bacarmırlarsa, heç danışıb baş aldatmasınlar. İnkişaf yoxdur, heç gözləməyə də ehtiyac yoxdur. Görürük də, aşağı yaş qruplarımız biri 1:5, digəri 1:6 və s. hesabla uduzurlar. Həmin yaş qrupları da zaman gələcək əsas milliyə, onlardan nə gözləyəsən?!”.
Şükürov Şahrudinin “Heç kim öz klubunda oynamır. Bu problemi müzakirə etmək istəyən də yoxdur. Hamı deyir ki, niyə Abbas Hüseynov klubda oynamadığı halda millidədir?” fikrinə belə münasibət bildirib: “Mən neçə ay əvvəl, limit dəyişilən vaxt dedim ki, səhv addımdır. Ona görə ki, bütün klublar pul qazanmaq üçün legioner gətirəcək, dəllalığını edəcək, azərbaycanlı futbolçular isə kənarda qalacaq. Bu gün onun şahidi oluruq. Göstərsinlər ki, hansı klublar azərbaycanlı futbolçulara daha çox şans verir? Oynayan futbolçular da milliyə çağrılmır. Çağrılanlar “Qarabağ”dan Elvin, Nəriman, Toraldır. “Neftçi”də Emin Mahmudovdur. Götürüb limiti ləğv edərək azərbaycanlı uşaqları bədbəxt etdilər. Amma oynamayan uşaqlar harada oynasınlar?”.
M. Şükürovun sözlərinə görə, Millətlər Liqasında ümidlənmək lazım deyil: “Heç bir ümidlənməyə ehtiyac yoxdur. Zaman keçdikcə millidə oynayan futbolçuların yaşının üstünə yaş gəlir. Onların da yerinə gələn futbolçu yoxdur. Bir-iki ildən sonra futbolçu qıtlığı olacaq. Ona görə də Millətlər Liqasına ümid bağlamasınlar. ML-i heç bir ölkə ciddiyə almır. Əsas ciddiyə alınan Avropa və Dünya çempionatlarıdır. Ona görə də nə qədər ki, AFFA-da futbolu bilməyən adamlar oturacaq, məşqçilər işləyəcək, belə də olacaq. Beləcə camaatı aldadacaqlar, axırı da belə nəticəsizlik olacaq”.
Veteran futbolçu qeyd edib ki, Ayxan Abbasov işlədiyi müddətcə belə nəticələrlə qarşılaşacaq: “Ayxan bu yükü boynuna alıb orada işləyir. Bir müddət keçəcək, bəzi insanlar Ayxanı da daş-qalaq edəcək. Material olmayandan sonra istəyirsiniz Qvardiolanı, kimi gətirirsiniz gətirin, mümkün deyil. Baxırsan, bütün ölkələr irəliyə gedir, biz geriyə gedirik. 19 yaşda deyirik cavandır, 25 yaşda deyirik, bunun vaxtı keçib, 30-da deyirik ki, qocalıb. Camaat 18 yaşında Avropada Liqa çempionluğu uğrunda mübarizə aparır. Biz də hələ belə düşünürük”.