“Bu onunla vidalaşma anı olmalı idi, amma...”
İdman
216
21:31, Bu gün

“Bu onunla vidalaşma anı olmalı idi, amma...”

Xəbər verdiyimiz kimi, Almaniya 2-ci Bundesliqasında mübarizə aparan “Kayzerslautern” klubunun hücumçusu Mahir Emreli “Herta” ilə matçda meydana çıxsa da, oyunu sona çatdıra bilməyib.

Moderator.az xəbər verir ki, zədələnən forvard oyundan sonra bu barədə instaqram hesabında paylaşım edib.

“İki aylıq fasilədən sonra yenidən meydana çıxmaq inanılmaz bir hiss idi, lakin təəssüf ki, bu, çox çəkmədi. Zədə səbəbindən oyunu tərk etməli oldum və bu, mənim üçün çox ağrılı idi.

Son həftələr mənim üçün heç də asan keçmədi – əvvəlcə az oyun təcrübəsi, sonra xəstəlik, bir həftə əvvəl isə əmimoğlumu ağrılı şəkildə itirdim. Bu oyun mənim üçün onunla vidalaşma anı olmalı idi, amma təəssüf ki, hər şey fərqli alındı.

Bəlkə də buna görə göz yaşlarımı saxlaya bilmədim, içimdəki hər şey sanki partladı. Sabah tibbi müayinələrdən sonra nə qədər müddət meydanlardan uzaq qalacağım bəlli olacaq. Bütün bunlara baxmayaraq, nikbin qalmağa çalışıram və tezliklə yenidən meydanda olacağıma inanıram. Mən nə inamımı, nə də motivasiyamı itirirəm”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, bu, Mahirin avqustun sonunda keçirilən üçüncü tur matçından bəri klubda ilk oyunu idi. O, 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib. Onu da bildirək ki, bundan öncə alman mətbuatı M.Emrelinin Kayzerslautern təmsilçisində əsas heyətdəki yerini itirməsindən sonra onun klubda xoşbəxt olmadığını yazmışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər