Müasir futbolda statistikalar, rəqəmlər və analitik göstəricilər oyunlara hökm edir. Süni intellektin inkişafı digər bütün sahələr kimi futbola da ciddi təsir göstərir. Komandalar texnologiyanın dəstəyi ilə futbolçuların qaçış məsafəsindən pressinq sıxlığına qədər hər şeyi ölçür. Günümüzün futbolunda artıq matçlardan sonra fərdi olaraq hansısa oyunçunun göstərdiyi performansdan çox rəqəmlər danışılır.
Ancaq bütün bu soyuq rəqəmlərin arasında bir adam var ki, illərdir Azərbaycan futbolunda həm nəticəni, həm də duyğunu qorumağı bacarır. Qurban Qurbanov sadəcə taktiki bilikləri və sabit nəticələri ilə deyil, insani münasibətləri, komandaiçi balans və mental dayanıqlılıq ilə də fərqlənir.
O, futbolda "robotlaşma"nın qarşısında dayanan az sayda mütəxəssislərdəndir. Çünki onun komandalarında təkcə tapşırıq yerinə yetirilmir, həm də bir-birinə inanan oyunçular mübarizə aparır. Məşqçi özü də mətbuat konfranslarında dəfələrlə bu barədə danışıb.
"Qarabağ"ın uğur sirri təkcə 4-4-2, 4-2-3-1 və ya 3-4-3 kimi taktiki düzülüşlərdə yaxud oyun sistemində deyil. Təbii ki, bu faktorlar da oyunda qələbə qazanmaqda böyük paya sahibidirlər. Lakin Qurbanov üçün bir futbolçunun hər bir epizoda verdiyi reaksiya, niyyət və xarakter də qaçdığı kilometr qədər önəmlidir. Oyunçular meydanda rəqəmlərlə deyil, ruh və məqsədə çatmaq hissi ilə hərəkət edirlər.
Onun məşqçilik üslubu intizamla empatiyanın birləşməsidir. Bəzən ən kritik anlarda qərarları sırf statistikaya əsaslanmadan verir: Çünki o, hələ də futbolun insan oyunu olduğuna inanır.
Qurban Qurbanov futbolçunun gözündəki istəyi, üzündəki yorğunluğu, ürəyindəki həyəcanı oxumağı bacarır.
Dünya futbolunda həm statistik rəqəmlərlə işləməyi bacaran, həm də insanı unutmayan məşqçi modeli çox azdır.
İllərdir Qurban Qurbanovun həm ölkə daxilində, həm də dünyada nüfuz qazanması da məhz bu səbəbdəndir. Çünki o, analitik futbolda duyğuları qoruyan adamdır. /Oxu.az/