UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında liqa mərhələləri davam edir. Rusiyanın buraxılmadığı 2025-2026 mövsümündə 39 UEFA üzvünün 108 komandası qalır. Hər üç liqa mərhələsində 36 komanda yarışır: ilk 8 pilləni tutanlar birbaşa 1/8 finala çıxacaq, 9-24-cü yerləri tutanlar 1/16 finaldan keçməli olacaq.
Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının liqa mərhələsində 13-cü yerdədir.
Modderator.az Medianews.az-a istinadla xəbər verir ki, hazırda klub reytinqinin ilk beşliyində İngiltərə, İtaliya, İspaniya, Almaniya və Fransa dayanır.
Azərbaycan 55 UEFA üzvü arasında 22.000 əmsalla 25-cidir.
Türkiyə 9-cu, Rusiya 30-cu, Qazaxıstan 34-cü, Ermənistan 35-ci, Gürcüstan 53-cü pillədədir.
Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır.
Çempionlar Liqasının liqa mərhələsinə düşən komandalar 6 bonus xalı alır, həmin raundda ilk 8 pilləni tutan komandalara 6 bonus xalı, 9-16-cı yerləri tutan komandalara 4 bonus xalı, 17-24-cü yerləri tutan komandalara 2 bonus xalı verilir, 1/8 finaldan başlayaraq hər mərhələ 1.5 bonus xalı qazandırır.
Avropa Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar 6 bonus xalı, 9-16-cı yerləri tutan komandalar 4 bonus xalı, 17-24-cü yerləri tutan komandalar 2 bonus xalı alır, 1/8 finaldan başlayaraq hər mərhələ 1 bonus xalı gətirir.
Konfrans Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar üçün 4 bonus xalı, 9-16-cı yerləri tutan komandalar üçün 2 bonus xalı, 17-24-cü yerləri tutan komandalar üçün 1 bonus xalı nəzərdə tutulur, 1/8 finaldan başlayaraq hər mərhələ 0.5 bonus xalına bərabər olur.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan cari mövsüm əmsallar cədvəlində 4.875 xal əldə edib. Bunlardan 3.750 xalı "Qarabağ" klubu, 0.625 xalı "Sabah" klubu, 0.375 xalı "Araz-Naxçıvan" klubu və 0.125 xalı "Zirə" klubu qazanıb.