– Özünüz də heyətdə olmaq istərdinizmi, yaxud şansınız varmı?
– Düşünürəm ki, bəli. Mən 3 oyuna getmədim, bu da klub dəyişikliyimlə bağlı idi. Onlardan vaxt istəmişdim ki, bütün işlərimi qaydasına sala bilim. Həmin iki oyuna məni çağırmadılar, ona görə də imkan olmadı. Ümid edirəm ki, noyabrdakı təlim-məşq toplanışına məni dəvət edərlər.
– Yəni yayda dəvət gəldi, amma özünüz getmək istəmədiniz?
– Bəli, yayda zəng etdilər. O vaxt “Qarabağ”da olsam da, artıq komanda dəyişmək ərəfəsindəydim. Buna görə milli komandanın baş məşqçisinə dedim ki, mənə bir az vaxt versinlər, bu dəyişiklikləri yoluna qoyum.
– Kiçik bir ada dövlətinin belə tarixi uğura nail olmasının sirri nədədir?
– Bizim yaxşı komandamız və futbolçularımız var. Ən vacibi odur ki, biz futbolçular yaxşı dostuq. Afrika Millətlər Kubokunda da yaxşı çıxış etdik və özümüzü bütün dünyaya göstərdik. Bu dəfə də həmin ruhla oynadıq. Ən vacibi isə qrupda birinci yeri tutduq. Heç vaxt milli komandamız bu səviyyədə uğur qazanmamışdı, ona görə çox istəkli idik. Bu, bizim və ölkəmiz üçün çox vacibdir.
– Dünya çempionatında oynamaq kimi bir arzunuz varmı?
– Əlbəttə ki, bu, bütün futbolçuların arzusudur. Bu səviyyədə mundialda çıxış etmək hər kəs üçün böyük şərəfdir.
– Daha əvvəl Kabo-Verde Portuqaliyanın müstəmləkəsi idi. Bunun təsiri olduğunu düşünmək doğru olar?
– Düşünürəm ki, Portuqaliyanın təsiri yoxdur. Kabo-Verdedə çox istedadlı futbolçular doğulur. Ölkəmiz kiçik olduğuna görə futbolda irəliləmək üçün imkan çoxdur. Bir çox futbolçularımız Fransa, İngiltərə və digər top liqalara gedirlər. Portuqaliyaya aid xüsusi təsir yoxdur.
– Bəs Azərbaycanın bu uğura çatması üçün nə çatmır?
– Azərbaycanın yaxşı millisi və futbolçuları var. Amma nə baş verdiyini tam başa düşmək çətindir. Nə çatmadığını bilmək olmur. Azərbaycanda olan imkanlar Kabo-Verdedə yoxdur. Bizim böyük futbolçularımız olsa da, Azərbaycan kimi şəraitimiz yoxdur. Məsələn, biz Azərbaycan kimi çarter reyslərlə uçmuruq. Bizdə belə imkanlar azdır. Amma “Omoniya”da oynayan Villi Semedo kimi futbolçular var. Həmçinin, Fransada çıxış edən, “Fənərbağça” və “Qalatasaray”da oynayan oyunçularımızı da qeyd edərdim. Bir sözlə, məşhur futbolçularımız çoxdur. Ən vacibi isə dostluğumuzdur, birlikdə böyümüşük. Azərbaycanla müqayisədə elə böyük fərq yoxdur, sadəcə bir az bəxt lazımdır. Bizim indi bu fürsət yarandı və ondan maksimum istifadə etdik.
– Azərbaycan futboluna doğmalaşmısınızmı?
– Əlbəttə ki, Azərbaycan artıq mənim evimdir. Azərbaycanı bir insan və futbolçu kimi sevirəm. Burada inkişaf etmişəm. Mən və ailəm Azərbaycanı çox sevirik. Düşünürəm ki, burada daha uzun illər qalacam.
– Karyeranızı burada bitirməyi düşünürsünüzmü?
– Tezliklə yox. Amma burada başa vura bilərəm. Onda hamı biləcək. Hələlik isə karyeramı davam etdirmək və daha peşəkar olmaq istəyirəm.
– Gələcəkdə Azərbaycanda qalıb işləmək istərdinizmi?
– Niyə də yox? Azərbaycanı sevirəm. Gələcəkdə belə bir imkan olarsa, məmnuniyyətlə faydalanaram.
– Maraqlıdır ki, Kobo-Verde millisində "6" nömrə, "Araz-Naxçıvan"da da eyni, "Qarabağ"da da "66" nömrəli forma geymisiniz. Bunun hər hansı simvolik mənası var?
– Bu rəqəmi sevirəm. Ona görə də seçimim belə olub (gülür-red.). Əslində nə iləsə bağlılığı yoxdur.
– Sabiq klubunuz “Qarabağ” hazırda UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edir. Orada olmaq istərdinizmi, buna görə bir “kaş ki” hissiniz oldumu?
– “Qarabağ” karyeramda önəmli rol oynayan klublardan biridir. Orada bütün xəyallarımı reallaşdırdım. Bu futboldur, ayrılıqlar qaçılmazdır. Həm futbolçu, həm də insan kimi orada böyüdüm. Kuboklar qazandım, bu da ən vacib şeydir. Xoşbəxt idim və xoşbəxt olmağa davam edirəm. “Qarabağ”da da çox yaxşı futbolçular və böyük komanda var. İndi də peşəkar kollektivdəyəm. Bizim yaxşı komandamız və peşəkar məşqçilərmiz var. Qaranı, Keytanı "Qarabağ"dan tanıyırdım. İnanıram ki, "Araz-Naxçıvan" ildən-ilə daha yaxşı uğurlara imza atacaq.
– Necə düşünürsünüz, “Qarabağ” “Atletik Bilbao” ilə oyunda hansı nəticəni əldə edə bilər?
– “Qarabağ” hazırda çox yaxşı formadadır. Rəqib güclüdür, amma onların qarşısında “Benfika” və “Kopenhagen” kimi klubları məğlub etmiş bir komanda olacaq. Düşünürəm ki, asan olmayacaq, bunu hamı bilir. Sadəcə “Qarabağ”a uğurlar arzulayıram. Bu komanda hər şeyin ən yaxşısına layiqdir.