Azərbaycanın futbol üzrə milli komandasının hücumçusu Mahir Emreli hazırda klubu "Kayzerslautern"də heç də yaxşı günlər keçirmir. 28 yaşlı futbolçunun adı 2-ci bundesliqanın son 5 oyununda bir dəfə də olsun sifariş ərizəsinə salınmayıb.
Moderator.az Qol.az-a istinadən xəbər verir ki, Emreli özü də "Instagram" səhifəsindəki son paylaşımında indi onun üçün asan dövr olmadığını yazıb. O, alman komandasında oynaya bilməməsinə görə məsuliyyəti klubun üzərinə atıb:
"Hazırda mənim üçün asan dövr deyil və hər şey olmalı olduğu kimi getmir. Klubumda məndən asılı olmayan səbəblərdən son zamanlarda oynamıram. Bu da milli komandada oyunuma öz təsirini göstərir. Amma heç vaxt ruhdan düşmürəm. Səbrimlə, inamımla, məşqlərimlə öz işimə köklənirəm. Bu yolda mənə ən böyük dayaq, milli komandam, baş məşqçimizin etimadı və dəstəyi oldu".
Almaniya mətbuatı diqqət Mahirin Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsinin Ukraynaya qarşı son matçdan sonrakı açıqlamasına yönəldir. O, həmin açıqlamada deyir ki, "Kayzerslautern" klubunun idman direktoru və prezidenti Almaniyaya qayıtdıqdan sonra ona görüş vəd ediblər:
"Orada, yəqin ki, heyətdən kənarlaşdırılmağımın səbəbini öyrənəcəyəm. Klubda xoşuma gəlməyən hadisələr baş verirdi. Komandadakı kimlərləsə münasibətlərimin pozulduğuna dair şayiələr gəzirdi. Lakin bu, yalandır. Mən həqiqətən də heç bir pis hərəkət etməmişəm. Almaniyaya qayıtdıqdan sonra problemin səbəbini aydınlaşdıracağıq".
Almaniyanın sport1.de saytının yazdığına görə, Emrelinin "Instagram"da "Kayzerslautern"lə bağlı son və daha əvvəlki paylaşımları klub rəhbərliyinin xoşuna gəlməyib. Məlumata görə, rəhbərlik hücumçunun davranışından narazıdır. Bildirilir ki, Emrelinin İnstagramdakı paylaşımları artıq uzun müddətdir klub daxilində müzakirə olunur.
"Aydındır ki, Emrelinin "Kayzerslautern"dəki vəziyyəti yaxşı deyil. Onun idman baxımından perspektivləri demək olar ki, yoxdur və ictimai açıqlamaları klubda ona dost qazandırmayıb", - deyə sayt yazır.
Həmçinin bildirilir ki, Mahirin qışda klubdan ayrılacağı istisna olunmur. "Hengen, Klos (klub rəhbərliyi - red.) və Liberknext (baş məşqçi) hadisələrin gedişatını nə qədər izləyəcək, bunu zaman göstərəcək. Lakin klubda səbr, görünür, tükənmək üzrədir" - deyə sayt bildirir.
Xatırladaq ki, M.Emreli "Kayzerslautern"ə bu yay transfer olunub və klubla 3 illik müqavilə imzalayıb. O, bu mövsüm 2-ci bundesliqada cəmi 3 oyunda meydana çıxıb.